Azərbaycan öz hərbi hava qüvvələrinin arsenalını qonşu Türkiyə və Gürcüstandan qırıcılar almaq hesabına doldurmaq fikrindədir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Forbes.com saytında yerləşdirilib.
Mənbə qeyd edir ki, son illər Türkiyə və Azərbaycan hərbi əlaqələrini kəskin şəkildə artırıb.
İkinci Qarabağ müharibəsindən əvvəlki aylarda Türkiyənin Bakıya silah ixracı altı dəfə çoxalıb. Azərbaycanın xidmətində olan Türkiyə istehsalı olan Bayraktar TB2 pilotsuz uçuş aparatları döyüş xüsusiyyətlərinə görə bir çox ölkədə maraq doğurub.
Ötən ilin iyununda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə Azərbaycanın işğaldan azad etdiyi Şuşaya səfər edib. Onlar Azərbaycan Respublikası ilə Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayıbar və bu Bəyannamədə iki ölkə arasında onsuz da geniş olan hərbi əməkdaşlığı genişləndirməyə söz veriblər.
Bakının hazırda Rusiyadan alınan MiQ-29 qırıcıları və Su-25 hücum təyyarələri var. Ancaq yenə də öz arsenalını artıra bilər, lakin bahalı yüksək performanslı reaktiv təyyarələr tələb olunmur.
Türkiyə bu yaxınlarda Afrika ölkəsi Nigerə yerli istehsal olan TAI Hürkuş iki yerlik turbovintli təlim təyyarələrinin satışı ilə bağlı müqavilə bağlayıb. Ümid var ki, növbəti dəfə Azərbaycan da bu təyyarələri ala bilər.
Dekabrın 4-də Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir deyib: “Biz Azərbaycana təyyarələrin ixracı ilə bağlı mühüm hadisələrin şahidi olacağıq”.
Ertəsi gün Hürkuş Azərbaycana ilk sınaq uçuşunu həyata keçirib. Onun funksiyalarına ümumi təyinatlı bombaların daşınması və Bayraktar pilotsuz uçan aparatlarında istifadə edilən Türkiyə istehsalı olan ağıllı mikro sursatların (MAM) atılması daxildir.
Yanvar ayında Türkiyə hökuməti yerli istehsal olan daha bir TAI Hürjet yüngül hücum təyyarəsinin seriyalı istehsalına icazə verib. Hürkuşdan fərqli olaraq, Hürjet Cənubi Koreya, İndoneziya və İraqda xidmətdə olan Cənubi Koreyanın T-50 Golden Eagle kimi qabaqcıl reaktiv təlim və yüngül döyüş təyyarəsidir. Azərbaycan həmçinin aviasiya gücünü artırmaq, yeni pilotları hazırlamaq və onlara əlavə uçuş vaxtı təmin etmək üçün konveyerdən çıxan kimi Hürjet modelini ala bilər.
Artıq Bakı öz HHQ-ni belə yüngül təyyarələrlə doldurmaqda maraqlıdır. 2020-ci ilin fevralında Prezident Əliyev ölkəsinin İtaliyadan ən müasir M-346 reaktiv təlim təyyarələrini alacağını demişdi.
Gürcüstanın Ge-31 Bora adlanan heç bir Rusiya komponenti olmayan tamamilə yeni Su-25-in yaradılması ilə bağlı iddialı planları var. Boranın gövdəsi və qanadları Gürcüstanda hazırlanacaq. Bora-nı öz hava qüvvələrinə daxil etməklə yanaşı, Gürcüstan ixrac etməyə ümid edir. Gürcüstan keçən ilin mart və aprel aylarında təkmilləşdirilmiş Su-25-ləri sınaqdan keçirib.
Onlar həm döyüş, həm də təlim uçuşları üçün nəzərdə tutulub. Analitiklərin artıq qeyd etdiyi kimi, Ge-31 layihəsi o halda mümkün olacaq ki, Gürcüstan maraqlı xarici tərəfdaşlardan əhəmiyyətli investisiyalar cəlb edə bilsin.
İsrail və Ukrayna ən çox ehtimal olunan namizədlər kimi göstərilsə də, Azərbaycan da bu sırada yer alıb. Rəsmi Bakı layihəni maliyyələşdirə və Tbilisi Aviasiya Sənayesi ilə müqavilə bağlaya bilər.
Bizim.Media