Vaşinqton 27 rus diplomatı ölkədən çıxardı – GƏRGİNLİK PİK SƏVİYYƏYƏ ÇATDI

Hazırda oxunan: Vaşinqton 27 rus diplomatı ölkədən çıxardı – GƏRGİNLİK PİK SƏVİYYƏYƏ ÇATDI

57965

Rusiyanın ABŞ-dakı səfirliyi bazar ertəsi gününə qədər 27 əməkdaşından məhrum olub. Onlar Vaşinqtonun Rusiya diplomatik missiyalarının Amerikada üç il müddətinə qalmasını məhdudlaşdırmaq tələbinə cavab olaraq oranı tərk etməli olublar. 

Bizim.Media xəbər verir ki, ABŞ Dövlət Departamenti BBC-yə bildirib ki, qurum üç illik məhdudiyyətdən imtina etmək fikrində deyillər.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov cümə günü bildirib ki, Rusiya ABŞ-ın əmrinə əməl edəcək:

“Keçən sentyabr ayında amerikalılar 2022-ci ildə ABŞ-ı iki mərhələdə tərk etmək əmri verilən Rusiya ikitərəfli diplomatik missiyalarının 55 əməkdaşının siyahısını bizə təhvil vermişdilər. Bu il yanvarın 30-dək 27 işçi, iyunun 30-dək isə daha 28 işçi ölkəni tərk etməlidir”.

Antonovun BBC-yə verdiyi məlumata görə, amerikalıların sentyabrda geri təhvil verdiyi siyahıdan Rusiya diplomatik missiyasının 27 əməkdaşı ABŞ-ı tərk edib.

"Bu qovulmadan sonra səfirlikdə diplomatlar və inzibati-texniki işçilər də daxil olmaqla 184 işçi qalır", - Antonov izah edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dekabrın 1-də bildirib ki, yanvarın 31-dək Moskvada üç ildən artıq çalışan ABŞ səfirliyinin əməkdaşları Rusiyanı tərk etməli olacaqlar.

O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar üç illik məhdudiyyətdən əl çəkməsə və güzəştə getməsə, daha bir qrup amerikalı diplomatik işçi 2022-ci il iyulun 1-dək Rusiyanı tərk etməli olacaq.
Dövlət Departamenti BBC-nin Rusiyadakı Amerika nümayəndəliyində hazırda neçə əməkdaşın çalışdığı və yanvarın 31-dən sonra onlardan neçəsinin qalacağı ilə bağlı sualına cavab verməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin