Son vaxtlar orta təhsil ocaqlarımızda ard-arda gərginliklər yaşanır. Təhsil ocaqlarında sağlam və təhlükəsiz öyrənmə mühitinin pozulması ciddi müzakirə obyektinə çevrilib. Şagirdlərin müəllimlərin gözü qarşısında qeyri-etik hərəkətləri, müəllim və direktorların isə baş verənlərə heç bir reaksiya verməmələri aktuallaşıb.
Qeyd edək ki, Təhsil Nazirliyi növbəti tədris ili başlayanadək yeni nümunəvi qaydalar tətbiq etməyi planlaşdırır.
Bütün bunları nəzərə alaraq Bizim.Media məktəblərdə şagird və müəllim münasibətlərinin tənzimlənməsi fonunda çətin tərbiyə olunan uşaqlarla bağlı onların xüsusi təhsil müəssisələrinə yerləşdirilməsi təklifini irəli sürür.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan məktəbində BİABIRÇILIQ: Şagirdlər sinif otağında elə hərəkətlər etdilər ki... - VİDEO
Eyni zamanda sinif otaqlarında dərslərin izlənməsi üçün müşahidə kameralarının quraşdırılması məqsədə uyğundur.
Bununla həm valideynlər, həm də istənilən nəzarətçi onlayn rejimdə dərs prosesini izləyə biləcək. Müəllimin də, şagirdin də məsuliyyəti artmış olacaq.
Daha bir təklif isə hər sinifdə ikinci müəllim funksiyasını yerinə yetirən, heç bir dərs yükü olmayan sinif rəhbəri şərti adı ilə təlimçinin olmasına da ehtiyac var.
Həmin müəllim uşaqlarla fərdi söhbətlər, valideynlərlə ünsiyyət və dərsdən sonra uşaqlarla müəyyən təmasların yaradılmasına kömək edə bilər. Bu da yeni başlayan gənc müəllimlər üçün təcrübə olmaqla yanaşı, yeni iş yerlərinin açılmasına xidmət etmiş olar. Fikrimizcə, bu addım həm də kişi müəllimlərin məktəbə cəlb edilməsinə şərait yaradar. Çünki burada bir qədər fiziki zəhmət də tələb olunur.
İrəli sürdüyümüz təkliflərin təhsil işinə yararlı olacağı fikrindəyik. Çünki məhz məktəbdə 10-15 təlimə yatmayan uşaqların hesabına yüzlərlə məktəblinin estetikası korlanır və tədris işi zəifləyir.
Bəs, bu təkliflər nə qədər effektlidir?
Təhsil eksperti Kamran Əsədov saytımıza açıqlamasında Azərbaycanda orta məktəblərin idarə edilməsi üçün konsepsiyaya ehtiyac olduğunu vurğulayıb:
“Təhsilalanlara təhsilverənlərin təsir resursları və rıçaqları olmalıdır. Azərbaycanın Konstitusiyasına və Təhsil haqqında qanuna görə hər kəs bərabər şəraitdə təhsil alır. Hətta inklüzitiv təhsilə belə keçid olub. Təhsil Nazirliyinin planlaşdırdığı məsələlər və ya şagirdlərin psixoloji pasportunun hazırlanması formal xarakter daşıyır. Mövcud vəziyyətdə insanları sakitləşdirmək üçün irəli sürülən fikirdir. Çünki bu problem 1 və ya 5 ilin məsələsi deyil, həmişə olub. Sovetlər dönəmində internat məktəbləri var idi və insanlar övladlarını ora qoyurdular.
Amma Sovet dövrünün tələbləri müstəqil Azərbaycanın tələbləri və standartları eyni deyil. Bu gün məktəbin borcu və öhdəliyi var ki, heç bir halda yerinə yetirilmir. Ən ciddi problemimiz əslində budur”.
Ekspert indi də islah məsələləri ilə bağlı məktəblərin olduğunu deyib. Bundan əlavə bu və ya digər formada məsuliyyətə cəlb olunanlar üçün cəzaçəkmə müəssisələrində təhsil müəssisələrinin fəaliyyət göstərdiyini qeyd edib:
“Dərsi pozan, tədrisin normal gedişinə mane olan uşaqlar "çətin tərbiyə olunanlar" deyil. Bunlar idarə olunmayan məktəblərdə və siniflərdə xaotik vəziyyətdir. O uşaqlar evdə də, ictimai nəqliyyatda da eyni şeyi edir. Bu adamlar göydən düşməyiblər. Bunların hamısı bizim cəmiyyətin və məktəbin nəticələridir. 9 il məktəbə gələn şagirdə təhsil ocağının mahiyyətini aşılaya bilməmişiksə, uşağın formalaşmasını həyata keçirməmişiksə, bundan sonra da heç nə dəyişməyəcək. Bu gün problem şagirddə deyil, müəllimdədir, direktordadır, tədrisi təşkil edənlərdədir.
İnternat məktəblərinə kimi qoyacağıq? Məktəblər kimi istəmirsə, kimdən xoşu gəlmirsə onunla bağlı rəy yazacaq və ora göndərəcəklər.
Xüsusi uşaqlar üçün məktəb açmaqdansa, müəllimin keyfiyyətini artırmalıyıq. Maraqlı məqam bilirsiniz nədir? Hansı məktəb müəllimi, direktoru sosial şəbəkələrdə tədris keyfiyyətlərini tərifləyəcək paylaşımlar edirsə, ən çox problem orada olur”.
Kamran Əsədov hesab edir ki, bu gün müəllimlər bilik, bacarıq baxımından çox aşağı düşüb, təhsilimiz repetitorluqdan və hazırlıqdan asılı qalıb:
“Müəllimin nüfuzunu qaldırmalı və onların arşısında hesabat qoymalıyıq. Nəticələri zəif olan məktəblərlə bağlı addımlar atılıb? Yox... Heç bir direktor və ya müəllim təhsilin idarə olunması ilə bağlı fikir bildirmir.
Amma Təhsil Nazirliyindən kimsə canlı yayım açanda o dəqiqə həmin yayıma qoşulurlar. Ya məktəblərinin nömrələrini qeyd edirlər, ya da “layk” göndərirlər.
Biz müəllimimizi və direktorumuzu yaltaqlıqdan uzaqlaşdırmalıyıq. Bütün bu problemlərin bir çıxış yolu var. Bütün məktəblərə səsli kameralar qoymalıyıq ki, valideynlər kənardan dərsin gedişini izləsinlər. Yekunda hər kəs məsuliyyətli olacaq”.
Alçina Amilqızı, Bizim.Media