Prezidentin iranlı nazirlə görüşdə verdiyi MÜHÜM MESAJLAR: “Zəngəzur dəhlizi ilə bağlı müsbət xəbərlər alırıq”

Hazırda oxunan: Prezidentin iranlı nazirlə görüşdə verdiyi MÜHÜM MESAJLAR: “Zəngəzur dəhlizi ilə bağlı müsbət xəbərlər alırıq”

57182

Yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

Görüş Azərbaycan Prezidentinin bir sıra mühüm mesajları ilə yadda qalıb.

1. Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır. 

2. Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək. 

İranla Azərbaycan arasında əlaqələrin inkişafından sonra Prezidentin 3+3 formatını qabartması, münasibətlərin irəliləyişində platformanın rolunun uğurlu olmasına işarə idi.

3. Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. 

4. Zəngəzur dəhlizinin yaradılması ilə bağlı Ermənistandan da biz müsbət xəbərlər alırıq.

Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır.
 

Ermənistanın uzun müddət həllini ləngitməyə çalışdığı layihə ilə bağlı İlham Əliyevin müsbət mesajlar verməsi, proyektin reallaşacağı tarixin yaxın olduğunu proqnozlaşdırmağa imkan verir.


5. Müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir.

6. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi prioritetlər sırasında olacaq.

7. Noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti cənab Rəisi ilə keçirdiyim görüş çox uğurlu, əhəmiyyətli idi və İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır. Bu, əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin