Yanvarın 24-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2021-ci il üzrə fəaliyyətinin yekunlarına dair Mətbuat Konfransı keçirilib.
Bizim.Media xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən ötən il ərzində görülmüş işlər və perspektiv planlar barədə təqdimatla çıxış edib.
Onun sözlərinə görə, 2021-ci ildə Agentliyə 5 mindən çox vətəndaş müraciəti daxil olub ki, bu müraciətlərin 1264-ü KOB maraqlarının müdafiəsi ilə bağlı olub.
1264 müraciətin 26%-i dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub, 61%-nə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 8%-i isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib:
“44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlanılıb və proses hazırda da davam etdirilir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 945 müraciət daxil olub. Bunlardan 446 müraciət investisiya layihələri, 499-u isə digər iş və xidmətlərin (əsasən podrat əsaslı) həyata keçirilməsi ilə bağlıdır.
Müraciətlərin 27%-i tikinti, 27%-i ticarət və xidmət, 21%-i sənaye, s18%-i kənd təsərrüfatı və digər 7%-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir.
Həmçinin 44 günlük Vətən müharibəsi dövründə sahibkarlara dəymiş ziyanın qiymətləndirilməsi prosesinin təşkili KOBİA-ya həvalə edilib. Ümumilikdə 294 sahibkarlıq subyektinə dəymiş təqribən 4,7 milyon manat həcmində kompensasiyanın ödənilməsi təmin edilib”.
Sonda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin məsul şəxsləri KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.
Bizim.Media