Xədicə İsmayılova: “Azərbaycanı tənqid edəndə məni Qərbdə dəstəkləyirdilər, indi isə...”

Hazırda oxunan: Xədicə İsmayılova: “Azərbaycanı tənqid edəndə məni Qərbdə dəstəkləyirdilər, indi isə...”

56750

Müxalifətçi azərbaycanlı jurnalist Xədicə İsmayılova Azərbaycan hakimiyyətini tənqid edəndə Qərbdə ona tələbat olduğunu, lakin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bildirən kimi ona marağın azaldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, almandilli  “Zenit” jurnalına müsahibəsində danışıb.

"Qərbdə bəzi insanlar deyirdilər ki, mən Qarabağ məsələsində Ermənistana qarşı çıxsam, məni dəstəklədiklərinə görə peşman olacaqlar. Bunu əvvəlcədən bilsəydim, onların dəstəyindən dərhal imtina edərdim. Mən təkcə Əliyevləri tənqid edəndə söz azadlığım bitirki? Niyə mənə icazə verilir ki, təkcə Azərbaycan hakimiyyətinin problemlərini qaldırım, Ermənistanın yox? Bu, təkcə Əliyevin müharibəsi deyil, bütün Azərbaycan xalqının müharibəsidir. 600 mindən çox insan öz ölkələrində qaçqın vəziyyətinə düşüb. Mən Əliyevi dəstəkləmirəm, lakin Qarabağla bağlı o, haqlıdır, çünki Ermənistan beynəlxalq hüququ pozaraq ölkəmizi işğal edib”, - İsmayılova bildirib.

Jurnalist qeyd edib ki, ötən il ona qanuni yolla Azərbaycanı tərk etməyə icazə verilib, amma bundan əvvəl onu Qərb ölkələrinə davamlı olaraq dəvət edirdilərsə, indi belə dəvətlər yoxdur:

"Yenidən sərbəst hərəkət edəndə görünür, daha heç kimə lazım deyiləm. Bu, məni depressiyaya salır ".

Eyni zamanda, Xədicə İsmayılova qeyd edib ki, “kiməsə xoş gəlmək və ya xaricdən daha çox alqış almaq” üçün Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı inanclarından əl çəkməyə hazır deyil.

"İroniya odur ki, Qərbdə heç kim Azərbaycanın mövqeyini müdafiə etmək üçün səsini ucaltmır. Təkcə bunun üçün pul ayırmırlar".

Onun sözlərinə görə, Ermənistan tərəfdən heç kim Qarabağın işğalını tənqid etmir və erməni hərbi cinayətlərinin araşdırılmasını tələb etmir, yeganə istisna mərhum Georgi Vanyan olub...

“Bizə sülhü müdafiə edən daha çox sənətçi lazımdır, amma biz bunu yalnız bir Azərbaycan tərəfdən gözləyə bilmərik”, - İsmayılova əminliklə bildirib.

Qarabağ məsələsində müxalif jurnalist Azərbaycan rəhbərliyi ilə həmrəydir.

Müsahibin guya “Azərbaycanın rəhbərləri Qarabağ ermənilərini Azərbaycan hakimiyyəti altında yaşamaq imkanından məhrum edir” təklifini şərh edən İsmayılova deyib:

“Münaqişə İlham Əliyevlə başlamayıb. Ən şiddətli toqquşmalar ondan xeyli əvvəl olub. Ona görə də mən bu arqumenti qəbul etmirəm. Əslində, bu təklif yalandır”.

Erməni ultra-millətçi partiyaları əvvəllər də qonşular arasında qarşıdurma təşkil ediblər. Jurnalist bunu təsdiqləmək üçün bunları bildirib:

"Nənəmin atası 1918-ci ildə, doğulduqdan bir həftə sonra Şamaxı yaxınlığında erməni daşnakları tərəfindən öldürüldü. Nənəmin ermənilərə nifrət etmək üçün hər cür əsası var idi. Amma o, bunu etmədi. Yalnız 1980-ci illərdə Qarabağ münaqişəsi başlayanda o, bizə öz hekayəsini danışdı və belə dedi: “Nifrət gəlir və gedir, amma siz yenidən birlikdə yaşamalısınız, ona görə də bir-birinizə pislik etməyin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin