Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviçin Minsk qrupunun həmsədrlərinin Qarabağa səfər edə bilməməsi ilə bağlı səsləndirdiyi fikirlər, fəaliyyətsiz institutun adını yenidən gündəmə gətirib.
Lakin maraq doğuran əsas məsələ, Minsk qrupunun danışıqlar prosesinə hansı təkilflərlə geri qayıda biləcəyidir.
Sözügedən mövzuda Bizim.Media ilə fikirlərini bölüşən politoloq Fikrət Sadıxov Azərbaycanın yalnız müəyyən məsələlər üzrə müzakirələrdə həmsədrlərin fəaliyyətinə etiraz etməyəcəyini diqqətə çatdırıb:
MÖVZU İLƏ BAĞLI:
“Minsk Qrupunun həmsədrləri Qarabağa səfər edə bilmir, Rusiya bundan narahatdır” - Lukaşeviç
“Əgər həmsədrlərin belə bir niyyəti olsa, biz görsək ki Minsk qrupunun belə bir məqsədi var, bu yalnızca bəlli məsələlərdə ola bilər. Əgər həmsədrlər yolların açılmasına köməklik, öz iştirakını nümayiş etdirmək, 10 noyabr bəyanatının yerinə yetirilməsi kimi məsələlərdə hər hansı addım ata bilərsə, biz buna, düşünmürəm ki, etiraz edək”.
Buna rəğmən, Fikrət Sadıxov ATƏT-in Minsk qrupunun həmsədləri olan tərəflərin indiki vəziyyətdə bir araya gələ bilmələrinin az ehtimal olduğunu da qeyd edib:
“Lakin burada digər bir məqam da var. Hal-hazırda həmsədr dövlətlərin özləri arasında qarşıdurma gedir. Çünki Rusiya və ABŞ Ukrayna ilə bağlı danışıqlar aparır və bu məsələdə çox mürəkkəb bir vəziyyət yaranıb. Belə ki, ABŞ və Rusiya arasında ciddi qarşıdurma var. Bilinmir, bunlar birlikdə hansısa razılığa necə gələ bilərlər. Bu, çox mühüm bir məsələdir. Mən Rusiya və ABŞ-ın həmsədr kimi birgə iştirakına şübhə ilə yanaşıram”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin sentyabrında Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibəsində Minsk qrupunun həmsədrləri ilə bağlı aşağıdakı fikirləri səsləndirmişdi:
“Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır. Yəni, məsələ - Dağlıq Qarabağ münaqişəsi bitdi. Nə ola bilər? Mənim fikrimcə, yəni, etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, çalışmaq ki, Ermənistan-Azərbaycan arasında bizim təklif etdiyimiz sülh müqaviləsi imzalansın”.
Bir sözlə, regionda sülhün təmin olunması istiqamətində hər hansı təkliflə çıxış etmədikləri halda, ATƏT-in Minsk qrupunun danışıqlar prosesinə geri qayıtması mümkün görünmür.
Murad Əhmədov, Bizim.Media