Rus dili dərsliyində "20 Yanvar" faciəsinin təhrif olunması ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Rus dili dərsliyində "20 Yanvar" faciəsinin təhrif olunması ilə bağlı RƏSMİ AÇIQLAMA 

55971

Bakıda orta məktəblərin rus bölmələri üçün yazılmış 4-cü sinif  "Rus dili" dərsliyində 1990-cı il 20 Yanvar Bakı qırğını ilə bağlı ciddi təhriflə yol verilib. Uşaqlar üçün yazılmış mətndə qeyd edilir ki, Bakıda həmin qanlı gecədə şəhid olmuş dinc sakinlər guya sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub.

Bu isə sosial şəbəkələrdə rezonans doğurub. Tarixçi pedaqoq və araşdırmaçılar tərəfindən ciddi tənqid edilən məsələnin bu cür ifadə edilməsi tarixin təhrif olunması kimi dəyərləndirib. 

Məsələ ilə bağlı Bizim.Media-ya “Şərq-Qərb” nəşriyyatından bildirilib ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdən ibarət  ekspertizadan keçir: 

"Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün  www.trims.edu.az saytında yerləşdirilir.

Ümumi təhsil müəssisələrinin tədris rus dilində aparılan 4-cü sinifləri üçün Rus dili dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh.105) mətndə  tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir. Bildiririk ki, 2019-cu ildə hazırlanmış bu dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib.

20 Yanvar faciəsi Azərbaycanın milli qürur və qəhrəmanlıq səhifəsidir.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu ehtiramla anır, onları hörmətlə yad edirik", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Rus dili dərsliyinin müəllifləri Çingiz Bədəlov və Nailə Bədəlovadır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin