ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvarla bağlı kampaniya keçirir

Hazırda oxunan: ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvarla bağlı kampaniya keçirir

55876

ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar ABŞ ictimaiyyətinin məlumatlandırılması məqsədilə ənənəvi yazılı kampaniyaya başlayıb. Şəbəkə tərəfindən hazırlanmış “Qara Yanvar. Azərbaycanının müstəqilliyinə aparan yol. Biz heç zaman unutmayacağıq!” adlı müraciətdə sovet ordusunun Bakıda dinc əhaliyə qarşı hərbi cinayətlərindən danışılır, “Human Right Watch” hüquq-müdafiə təşkilatının “Azərbaycanda Qara Yanvar” hesabatından faktlar, habelə Yanvar faciəsinin qurbanları haqqında statistik məlumatlar diqqətə çatdırılıb.

Bizim.Media xəbər verir ki, müraciətdə sovet qoşunlarının 26 minlik kontingentinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya silahlı müdaxilə etdiyi qeyd olunub. Bildirilib ki, sovet əsgərləri mərkəzi televiziyanın enerji blokunu partladaraq respublikada informasiya blokadası yaradıblar. Ordu Bakıda dinc əhaliyə qarşı amansız qırğın törədib. Rəsmi mənbələrə görə, 140-dan çox dinc sakin həlak olub, 700-dən çox insan yaralanıb. Bakıda dinc sakinlərin qətlə yetirildiyi səhnələr 1956-cı ildə Budapeştdə və 1968-ci ildə Praqada dinc əhaliyə qarşı törədilən qətliamı xatırladır.

Müraciətdə, həmçinin qeyd olunub ki, Bakıda dinc əhalini atəşə tutan sovet ordusu ağırlıq mərkəzi dəyişdirilən 5,45 millimetr kalibrli qadağan edilmiş güllələrdən istifadə edib.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin ölkə ictimaiyyətinə, mətbuatına, qanunvericilərinə və Bayden administrasiyasına müraciətində bildirilib ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı olub və sovet dövlətçiliyinin təməlini sarsıdıb. Müraciətdə deyilir: “20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi həkk olunub. Aradan 32 il keçsə də, Qara Yanvar öz mahiyyətini itirmir. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Bakıda Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən qəhrəmanların xatirələrinə ehtiramlarını bildirirlər”.

ABŞ-ın Azərbaycan icmasının üzvləri yazılı kampaniya vasitəsilə bu ölkənin ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandırır, ABŞ qanunvericilərini bu amansız aksiyanı rəsmi şəkildə pisləyən qətnamələr qəbul etməyə çağırırlar. ABŞ Azərbaycanlıları Şəbəkəsinin ənənəvi kampaniyası nəticəsində son on dörd ildə ABŞ-ın müxtəlif nəşrlərində Qara Yanvar haqqında onlarca məqalə dərc olunub, qubernator bəyannamələri və bir neçə ştatda parlament qətnamələri qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin