Mingəçevir şəhərinin mərkəzində, Axundov küçəsi-16 ünvanında bir evdə partlayış olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, partlayışın qaz sızmasından baş verdiyi deyilir.
Hadisə nəticəsində evdə yaşayan ana və 11 yaşlı qız uşağı xəsarət alaraq şəhər xəstəxanasına aparılıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkim briqadaları gəliblər.
Əldə olunan məlumata görə, ikinci mərtəbədə yerləşən mənzildə “pitiminutka” qaz qıcdırıcı sobasında baş verən partlayış nəticəsində binanın əksər ev və eyvanları da yararsız hala düşüb. Həyətdə olan “Hyundai” markalı minik avtomobilinin də şüşələri qırılıb.
Axundov küçəsi 16, mənzil 3-də xəsarət alanlar 1987-ci il təvəllüdlü Xudayeva Aytən Tofiq qızı və 2011-ci il təvəllüdlü Xudayeva Zəhra Cəlal qızıdır. Hər iki yaralı FHN əməkdaşları tərəfindən ağır durumda qurtularaq həkim briqadasına təhvil verilib. Digər insanların təxliyəsini də FHN həyata keçirib.
Ehtiram Muradov, Bizim.Media