Qeyri-rəsmi statistikaya görə, son dönəmlərdə Azərbaycanda boşanmaların sayının artmasının ən başlıca səbəbləri xəyanətdir. Əvvəllər xəyanət daha çox kişilər arasında baş verirdisə, müasir dövrdə bu qadınlar arasında da kütləvi hal alıb.
Mütəxəssizlərin fikrincə, xəyanətə ən başlıca səbəb cütlüklər arasında yaranan soyuqluq, bir-birlərini diqqətdən kənar saxlamaqları səbəb olur.
Lakin xəyanətin digər səbəbləri də var...
Anam mənim üçün bəyəndi...
41 yaşlı İlyas deyir ki, ailə quranda sevib evlənməyib. On ildir ki, evlidir, lakin bu müddətdə həyat yoldaşını sevə bilməyib.
“Anam hər zaman deyirdi ki, sənə qızı özüm alacam. Mən də uşaqlıqdan anama çox bağlı idim, onun bir dediyini iki etmirdim. Evliliyimdə də anam qərar verdi, qonşu kənddən bir xanımı mənim üçün bəyəndi və biz evləndik. Xanımım çox gözəl və baxımlı idi. Lakin mən onu sevə bilmədim. İlk əvvəllər buna çox cəhd etdim, lakin bizim maraqlarımız, dünyagörüşümüz, təhsilimiz heç cür uyğun gəlmədi. Mənim xoşladıqlarımı o bəyənmirdi, onun maraqlarını da mən. Bir də ayıldım ki, mübarizəmin 5 li tamam olub, ancaq bizi bağlayan iki uşaqdan başqa bir dəyər yoxdur. Ondan sonra itirdiyim, heç zaman tapa bilmədiyim sevgimi başqa qadınlar da axtarmağa başladım. Hazırda boşanmaq haqqında da düşünə bilmirəm. Çünki ortada 2 uşaq və anam var. Mən öz xoşbəxtliyimi “aləm mənə nə deyər” prinsipinə qurban vermişəm”.
Cəmiyyət arasında bu cür ailələr yetərincədir.
Gözdən uzaq könüldən də iraq olur…
Lalə 29 yaşındadır və 7 ildir ki, evlidir. Onun dediyinə görə, ilk 5 illik ailə həyatı tam normal keçib. Hər zaman həyat yoldaşının nəvazişini, sevgisini hiss edib. Hər şey ikinci övladı dünyaya gəldikdən sonra baş verib.
“İkinci hamiləliyim zamanı həkim ilk 3 ayın riskli olduğunu dedikdən sonra həyat yoldaşımla aramda cinsi həyat yaşamadıq. Bu bizim aramızda soyuqluq yaratmağa başladı. Daha sonrakı aylarda da bizim aramızda heç nə olmadı. Uşaq doğulduqdan sonra da 1 ilə yaxın o mənə yaxın gəlmədi. Sonra gecələr yoldaşımın telefonuna gələn zənglər, onun günü-gündən artan biganəliyi məni başqa kişilərdə qayğı, nəvaziş axtarmağa məcbur etdi. Beləliklə, mən ona xəyanət etdim. Baxmayaraq ki, biz sevib evlənmişdik, 2 il nişanlı qalmışdıq. Yeddi ildən sonra aramızda heç bir hiss qalmamışdı. Daha sonra ayrı otaqlarda qalmağa başladıq. Bir müddət keçdikdən sonra isə mən onu evin içində görməyə belə dözə bilmədim və biz boşandıq”.
Bir evdə iki ailə…
35 yaşlı Ayselin isə xəyanətinin başqa bir tarixçəsi var. Söhbət zamanı o, bildirir ki, yoldaşına qarşı onu soyudan qaynana və qaynata ilə bir evdə yaşaması olub.
Onun sözlərinə görə 15 illik evlilik zamanı onlar bir gün belə təklikdə qala bilməyiblər. İki otaqlı evdə hər zaman iç-içə yaşayıblar.
Beləliklə, evdə söz-söhbətlər çoxaldıqca araya soyuqluq girib. Daha sonra isə içindəki boşluğu doldurmaq üçün iş yoldaşı ilə gizli əlaqə yaşamağa başlayıb.
“O da evlidir, mən də. 3 ilə yaxındır ki, gizli əlaqəmiz var və biz ailədə tapa bilmədiyimiz boşluğu bir-birimizdə tapırıq. Mən çox xoşbəxtəm. Hərdən boşanmaq haqqında düşünürəm, lakin aldığım aşağı məvaciblə yalnız yaşayıb, uşaqlarıma baxa bilməyəcəyimi başa düşürəm. Ona görə də bu fikrimdən hər dəfə yayınıram. Yoldaşımı sevmirəm, o da mənə xəyanət edir. Biz sadəcə, formal olaraq, hələ də evliyik. Bu ona da əlverişlidir, mənə də”.
Doğru səbəblər…
Məsələ ilə bağlı psixoloq Cahan Əliyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür xəyanətlərin artmasına əsas səbəb milli mentalitetdir.
“Mentalitet basqısı ilə böyüyən, müəyyən mənada iqtisadi azadlığı olmayan qadınlar qadağalar zəncirini qıra bilmədikləri üçün ömrü boyu gözləri nəyisə, kimisə axtarır. Çünki, qadınların əksəriyyəti sərbəst yaşamaqdan çəkinirlər. Ona görə də bu yola əl atırlar. Cəmiyyətimizdə olan ayrı-seçkilikdə buna səbəb olur. Kişilər və qadınlar arasında ayrı-seçkilik, kişi hər şey edə bilər, qadına isə bunlar qadağadır, məsələsi də xəyanətə yol açan amillərdən biridir. Yadda saxlayın, qoyulan qadağalar, onu pozmağa daha çox sövq edir”.
Mütəxəssis həmçinin qeyd edib ki, xəyanətə başlıca səbəblərdən biri də diqqətsizlik və laqeyidsizlikdir.
“İnsanlar hər zaman sevdiklərindən qayğı, nəvaziş gözləyirlər. Bu olmadıqda isə onların arasına soyuqluq düşür. Bu isə xəyanətə yol açır. Bundan başqa qadın kişi münasibətində ən əsas yataq münasibətləridir. Yataqda heç bir problemi olmayan, qarşı tərəfdən qayğı diqqət görən nə kişi, nə də qadın xəyanət etməz. Bunlara daha çox diqqət ayırmaq lazımdır”.
Psixoloq deyir ki, ailə quranda valideynlər gərək gənclərin seçiminə qarışmasın. Çünki sevgi, istək olmayan ailələrdə mütləq xəyanət olacaq.
“Evləndikdən sonra sevər prinsipi çox yanlış bir fikirdir. Çünki belə ailələrdə sonrada sevmək çox nadir hallarda alınır. Cütlüklərin maraqları, istəkləri çox vaxt üst-üstə düşmür, bu da sonda ya boşanmaqla, ya da xəyanətlə bitir. Mütləq gənclər bir-birlərinin xasiyyətlərinə bələd olub, evlilik qərarı verməlidirlər. Çünki bəzən xarici görünüşə aldanıb, daha sonra bir-birlərinin ayrı-ayrı dünyanın insanları olduqlarını dərk edirlər. Bu isə sonda hətta faciəli hadisələrlə də nəticələnə bilir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:00 / 08.01.2022
Qadınlar və kişilər niyə xəyanət edir? – REAL HEKAYƏLƏR
Hazırda oxunan: Qadınlar və kişilər niyə xəyanət edir? – REAL HEKAYƏLƏR
Hazırda oxunan: Qadınlar və kişilər niyə xəyanət edir? – REAL HEKAYƏLƏR
54428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.