Ölkədə istehlak kreditləri artır – Ekspertdən DEVALVASİYA təhlükəsi haqqında XƏBƏRDARLIQ

Hazırda oxunan: Ölkədə istehlak kreditləri artır – Ekspertdən DEVALVASİYA təhlükəsi haqqında XƏBƏRDARLIQ

54249

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Azərbaycanda kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi 2024-cü ildə 20,8 mlrd. manata çatacaq.

Qeyd edək ki, BVF-nin həmin hesabatında 2022-ci ildə iqtisadiyyatın kreditləşməsi 17 mlrd. manatı keçəcəyi, 2023-cü ildə isə sözügedən göstəricinin 19 mlr. manata yaxınlaşacağı qeyd olunub.

Bəs, kreditləşmənin artmasının hansı müsbət və mənfi tərəfləri var?

Məsələ ilə bağlı, Bizim.Media ilə fikirlərini bölüşən maliyyə və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov ilk öncə kreditləşmənin artmasının müsbət tərəflərinə toxunub:

“Bütövlükdə ölkə iqtisadiyyatında kreditləşmənin artması iqtisadi aktivlikdən, inkişafdan xəbər verir. Yəni bu o deməkdir ki, iqtisadi layihələr həyata keçirilir və maliyyələşdirilir. Bu baxımdan əlbəttə ki, kreditləşmə müsbət haldır”.

Ekspertin qənaətinə görə, artımın istehlak kreditləri hesabın gerçəkləşməsi isə, xüsusilə risklidir:

“Onu da qeyd edim ki, BVF-nin proqnozu ətraflı deyil. Çünki bir sıra önəmli nüanslar öz əksini tapmayıb. Belə ki, əgər istehlak kreditlərinin payı çox olacaqsa, bu, əlbəttə ki, mənfi haldır. İstehlak kreditləri inkişaf deyil, sadəcə insanların borclanması deməkdir. Belə olan halda isə, iqtisadi aktivlik azalır. Dövlət başçısı da məsələ ilə bağlı 2 il öncə səsləndirdiyi fikirlər zamanı qeyd etmişdi ki, istehlak kreditlərinin verilməsində ehtiyatlı olmaq lazımdır. Xüsusən də, biz 2015-ci ilin devalvasiyasından sonra bunu aydın şəkildə gördük”.

Bundan əlavə, Əkrəm Həsənov rəqəmlərin manatla əks olunmasının da dəqiq proqnoz vermək üçün səmərəsiz olmasını da qeyd edib:

“BVF-nin sözügedən rəqəmləri manatla açıqlaması nüansını da diqqətə saxlamaq vacibdir. Manat isə 2024-cü ilə qədər böyük ehtimalla devalvasiyaya məruz qalacaq. Bunu obyektiv səbəbləri var. Hətta neftin qiyməti yüksək olsa belə, bizdə hasilat azalır. 
 

Həmçinin Azərbaycanda inflyasiya da artıq var. Manat onsuzda əvvəlki manat deyil. Rəqəmlər nöqteyi-nəzərindən bu nominal artımdır. Lakin faktiki real baxımdan və inflyasiya səbəbindən bu, artıq o qədər də böyük artım hesab olunmamalıdır.  


Bundan əlavə 2024-cü ilə kimi devalvasiya da baş verərsə, göstəricilərin artım demək olması artıq devalvasiyanın miqyasından asılı olacaq.  Müqayisə üçün bildirək ki, 2015-ci ilə qədər manatla olan kreditləşmə ilə sonrakı dövr üçün olanlar eynidirmi? Əlbəttə, xeyr. Bu baxımdan BVF-nin göstəricilərinin çox şərti olduğunu söyləyə bilərik”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin