“Qazaxıstanda Türkiyənin fəallaşması Azərbaycan üçün vacibdir” – Tofiq Zülfüqarovdan ƏTRAFLI

Hazırda oxunan: “Qazaxıstanda Türkiyənin fəallaşması Azərbaycan üçün vacibdir” – Tofiq Zülfüqarovdan ƏTRAFLI

54139

Qazaxıstanda baş verənlər digər Xəzəryanı və dost ölkə olan Azərbaycanda da diqqətlə izlənilir. Böyük şəhərlərdəki aksiyaların bir qismi KTMT tərəfindən aradan qaldırılsa da, müəyyən siyasi suallar, dilemmalar qalmaqdadır. Hətta Qazaxıstanda hakimiyyət dəyişikliyi də aktual mövzulardandır. 

Bəs mümkün istefa və yeni təyinatlar Qazaxıstan-Azərbaycan münasibətlərinə, ümumən etirazlara bürünən ölkənin Türk Dövlətləri Təşkilatına (TDT) üzvlüyünə necə təsir edəcək? 

Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov cavabının əvvəlində qeyd edib ki, Qazaxıstandakı proseslərdə qəribə elementlər üzə çıxmaqdadır. Belə ki, hazırda Qazaxıstanda baş verənlərdə Belarus ssenarisi də hiss olunur:

“Yada salsaq, Belarus müxalifətinin fəaliyyəti Rusiyada başlayıb. Tixanovskaya da Moskvada fəaliyyət göstərib. Amma hazırda bir çox paytaxtlarda qərbyönümlü siyasətçi kimi qəbul olunur”. 

Bizim.Media-ya özəl açıqlamasında Tofiq Zülfüqarov əslində Tixanovskayanın da Rusiyanın kadrı kimi göründüyünü əlavə edib.

Yəni, bəzən özünü qərbyönümlü göstərən və antirus mövqeyindəki şəxslər rusiyameyilli qüvvələrlə koordinasiyalı addımlar atırlar. Qəribə olsa da, Belarus nümunəsindən də sezilir ki, bu belədir.

İndi isə bu elementləri Qazaxıstanda görməmək mümkün deyil:

“Çünki Qazaxıstanda müəyyən qüvvələrin qərbyönümlü şüarlar səsləndirməsi Rusiyanın güclənməsi və aktiv fəaliyyətə keçməsi ilə nəticələnir. Həmin situasiya Ukraynda da olub. Təəssüf ki, belə qüvvələr özünü Qazaxıstanda da göstərir. Belə olan halda isə Qazaxıstanın türk əməkdaşlıq mövzusu (TDT) da bir çox suallar doğurur. Bəzi müşahidəçilərin fikrincə, indiki hadisələr Türk Dövlətləri Təşkilatına üzvlük, türkdilli ölkələrlə sıx əməkdaşlığa görə baş verir. Mən belə fikirləşirəm ki, bu mövzuda Türkiyənin siyasəti daha da fəal olsa, (və biz bunu gözləməliyik) problem köhnə qayda ilə - Rusiya-Türkiyə əməkdaşlığı formatında həll oluna bilər. Çünki Qazaxıstanda Türkiyəyə meyilli siyasi qüvvələr var. Rusiya-Türkiyə tandemi Qazaxıstanda da fəaliyyətə keçsə, Azərbaycan üçün daha uyğun nəticələr əldə olunar”. 

Tofiq Zülfüqarov qeyd etdiyi tandem barədə Suriya, Liviya və Qarabağ örnəklərini nümunə gətirib.

Yəni bu regionlarda hər iki tərəfin müəyyən gərginliyi olsa da, sonda ortaq məxrəcə gələ biliblər. Ona görə də, Qazaxıstan məsələsində Türkiyənin fəallığı gözləniləndir:

“Çünki KTMT qüvvələri indiki mərhələdə stabilləşməyə səbəb olacaq element deyil. Bəzi müxalif qüvvələr onları qəbul etməzlər. Amma Türkiyənin iştirakı ilə vəziyyətin sabitləşməsində müsbət nəticələr əldə olunar. Qazaxıstan məsələsində Türkiyənin fəallaşması Azərbaycan üçün vacibdir. Və gözlənilən bir məsələdir”.

Tofiq Zülfüqarov sonda bir daha xatırladıb ki, Qazaxıstan məsələsinin bu cür şərhi hadisələrdən sonra yaranan ilkin təəssüratın əlamətidir. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin