Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıb.
Bizim.Media müraciətin mətnini təqdim edir:
"Məlum olduğu kimi, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib. Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub. Bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədillə 2020-ci ildən başlayaraq tədarükçulərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib. Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranmışdır. Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur. Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq". (Report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:08 / 04.01.2022
İri un və çörək istehsalçıları MÜRACİƏT YAYDI
Hazırda oxunan: İri un və çörək istehsalçıları MÜRACİƏT YAYDI
Hazırda oxunan: İri un və çörək istehsalçıları MÜRACİƏT YAYDI
53804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.