Yeni il günlərində zəhərlənməkdən necə qorunaq?- Mütəxəssislərdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Yeni il günlərində zəhərlənməkdən necə qorunaq?- Mütəxəssislərdən XƏBƏRDARLIQ

53513

Ölkəmiz öz qonaqsevərliyi və mətbəxi ilə digər ölkələrdən hər zaman fərqlənib. İl ərzində keçirdiyimiz bayram günlərində süfrələrimizdə min cür nemətlər, təamlar görmək mümkündür.

Lakin süfrənin gözəlliyi üçün hazırladığımız həmin qidaların bəzən öz səhhətimizə, orqanizmimizə necə zərər vuracağı haqda düşünə bilmirik.

Məlumdur ki, bayramqabağı və bayram günlərində zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayında çoxluq müşahidə olunur.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Bizim.Media-ya açıqlamasında deyilənləri təsdiqləyərək, son 10 gündə zəhərlənmə diaqnozu ilə müraciət edənlərin sayında artım olduğunu diqqətimizə çatdırıb:

“Bu günlərdə konservləşdirilmiş məhsullardan zəhərlənmə hallarının sayı artıb. Qida infeksiyası hesab edilən “Botulizm”dən əziyyət çəkən xəstələr əsasən sirkədə tutulmuş turşulardan bu hala düşürlər. Bayram günlərində konservləşdirilmiş qida məhsulları, turşulardan istifadənin maksiumum olduğunu nəzərə alaraq, insanlardan diqqətli olmalarını, sanitar qaydalara riayət etmələri xahiş olunur”.

Qida texnoloqu Ağa Salamov isə düzgün qidalanmanın ilk mərhələsinin mağazadan başladığını qeyd edib:

1. Qidalar mağazalardan düzgün seçilməlidir.

İstər ev şəraitində, istərsə də ictimai iaşə müəssisələrində qida zəncirində qırılma olarsa təbii ki, zəhərlənmə halları baş verə bilər. Öncəliklə alacağımız qidaları- ət, toyu, balıq məhsullarını mənşəyi məlum olan yerlərdən almaq lazımdır. 

2. Riskli hesab edilən qidalar vaxtında emal olunmalıdır.

Alınan ət və digər məhsullar soyuducudan bir dəfə çıxarılmalı və o temperatura uyğun şəkildə əriməlidir. Otaq temperaturunda buzu açılan qidaları isə 2 saat axar suyun altında saxlamalı və emal prosesi tez yekunlaşdırılmalıdır.

Adətən xanımlar saatlarla ət məhsullarının buzunun əriməsini gözləyərkən digər məhsulları hazırlamağa başlayırlar bu səhv addımdır. Çünki o saatlar ərzində ət məhsuluna mikroorqanizmlər bulaşmağa başlayır. 

3. Mayonez, yumurta tərkibli qidalar soyuducuda saxlanılmalıdır.

Mayonezli, yumurtalı və ətdən hazırlanmış digər qidalar, xüsusilə salatlar süfrəyə qoyulmamışdan yarım saat-15 dəqiqə aralığında soyuducuda saxlanılmalıdır. Çünki sadalanan təkibli qidalarda ev temperaturunda salmonella bakteriyaları yarana bilər. Və 72 saatdan çox olmayaraq həmin qidalar soyuducuda saxlanıla və təkrar istifadə oluna bilər. 

4. Süfrədə saatlarla qalan yeməyi təkrar yeməyin.

Yeməklər süfrədə 2 saatdan artıq qalıbsa, onu təkrar yemək üçün saxlamaq olmaz.  Lakin 2 saata qədər qalan yeməkləri üzərini streçləməklə soyuducuda saxlayıb, təkrarən yemək məqsədə uyğun hesab edilir.

Bunu da yadda saxlamaq lazımdır ki, həmin qidalar soyuducuda yalnız 48 saat qala bilər. Standartlara görə 72 saat uyğun göstərilir.

Amma soyuducunun tez-tez açılıb, soyuması prosesini də nəzərə alsaq, 48 saat qidanın saxlanılması üçün daha uyğundur.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin