“Leylanın skripkası” qısa filmi beynəlxalq kinofestivalda böyük uğura imza atdı – Treyler/FOTOLAR

Hazırda oxunan: “Leylanın skripkası” qısa filmi beynəlxalq kinofestivalda böyük uğura imza atdı – Treyler/FOTOLAR

53361

ABŞ, Azərbaycan və Böyük Britaniyanın ortaq ərsəyə gətirdiyi qısa film - "Leila's violin” ("Leylanın skripkası”) Avropanın ən prestijli film mükafatlarından olan 18-ci "Angel Film Awards”ın qaliblərindən biri olub.

Bizim.Media Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Səbinə Rakçeyeva məlumat verib.

"Yeni il şənlikləri zamanı layihəmizin uğur qazandığını elan etməkdən məmnunluq duyuruq. Londonda anadan olub, Azərbaycanda amerikalı-azərbaycanlı heyətlə  çəkilib və Böyük Britaniyada montaj edilib - bu, mənim gözəl vətənim Azərbaycana, təhsil aldığım ABŞ-a və yaşadığım Böyük Britaniyaya böyük hörmətdir. Bu, kövrək dünyanı hələ də xilas edə biləcək musiqi, tolerantlıq və gözəlliyə verilən qiymətdir”, - deyə o bildirib.

S.Rakçeyeva qeyd edib ki, başda hərəkətverici qüvvə - Ella Leya, Sofiya Rosinski, Azfilm, Nigar Həsən-Zadə, Mehriban Əfəndi və digərlərindən ibarət heyrətamiz komanda olmasaydı, bunun ərsəyə gəlməsi mümkün olmazdı.

"Monako 2022, biz gəlirik! Həmrəylik günün mübarəkdir, Azərbaycan!”, - deyə o, sevincini ifadə edib.

Filmin treyleri:
 


Beynəlxalq kinofestivalın qalibi olan filmdə əməyi keçən digər bir həmyerlimiz Nigar Həsən-Zadə də bu böyük uğur barədə paylaşım edib:

"Bu, filmin çəkilişində iştirak edən, onun uğuruna inanan hər kəs üçün əsl sevinc və şərəfdir. Film gələn il Monakoda dünyanın ən nüfuzlu beynəlxalq kinofestivallarından birində  yüksək səviyyədə təmsil olunacaq, bu ölkəmiz üçün çox  qürurvericidir.  Ruhuna və temperamentinə görə mənə doğma olan komandanın bir hissəsi olmaq xoşbəxtliyi qismətim oldu. Baş rolun ifaçısı, ingiltərəli Sabina Rakçeyeva ilə uzun illərin sadiq dostuyuq. Filmin prodüseri və bəstəkarı, iş prosesində dostlaşdığımız amerikalı Ella Leya qeyri- adi qadın, əsl peşəkar, qarşısındakı  insana  inam və nikbinlik aşılayan  bir xanımdır.Heç vaxt düşünməzdim ki, bir gün Avropanın mərkəzində  milyonlarla tamaşaçı qarşısında öz ana dilimdə çıxış edəcəyəm. Bu, sözlə ifadə olunmayacaq qədər dəyərli duyğudur... Mənə göstərdiyiniz etimada, yaşatdığınız qürura görə Sizə minnətdaram!”.

Qeyd edək ki, "Leylanın skripkası” Kaliforniyada yaşayan Leyla adlı qızın anasını axtarmaq üçün onun doğulduğu yerə - Azərbaycana, Quba dağlarında dağ yəhudilərinin qədim yaşayış məskəninə səyahət etməsindən, burada sufi və kabalizm mistikləri ilə tanış olmasından və qırmızı skripkanın ruhu ilə qarşılaşmasından bəhs edir. 



Filmin heyəti: 

Sofia Rosinski – Leyla

Səbinə Rakçeyeva - Ana 

Nigar Həsən-Zadə - Rəvayətçi

Və Quba dağ bölgəsinin sakinləri

Çəkiliş qrupu: 

Ella Leya -  Yazıçı/rejissor/bəstəkar 

Nadir Mehtiyev - Fotoqrafiya üzrə rejissor 

Azər Quliyev – Prodüser

Jamie Steedman (Ceymi Stidmen) -  Redaktor və vizual effektlər rəssamı 

Elşad Rəhimov - Redaktor 

Mehriban Əfəndi - Kostyum dizayneri

Azər Məmmədov – İstehsalat dizayneri

Musiqi:

Ella Leya, Səbinə Rakçeyeva, İmamyar Həsənov və Anna RF, Şəhriyar İmanov, Ələfsər Rəhimov



Filmi ərsəyə gətirənlər haqda məlumat:

Ella Leya - əslən bakılı olan amerikalı bəstəkar, yazıçı və kinorejissordur. Onun musiqisi "Ocean's Twelve”, "PU-239”, "My Sassy Girl”, "Dirty Sexy Money”, "Samantha Who”, "Project Blue Book” kimi müxtəlif film və televiziya şoularında çıxış edib. Onun debüt romanı "The Orphan Sky” (Yetim səma) 2015-ci ildə çap olunub, əsər əsasında film çəkilir.

Sofiya Rosinski - 2016-cı ildə " The Other Side of the Door” ("Qapının o biri tərəfi”) adlı qorxu filmindəki rolu ilə tanınır. O, bu filmə görə "Gənc aktrisa” mükafatını, eləcə də "Bədii Filmdə Ən Yaxşı Performans” mükafatını qazanıb. 

O, 48 saatlıq festival filmi olan "Zoe and the Prince” ilə də ən yaxşı aktrisa adına layiq görülüb. Həmçinin "Disney Channel”ın mini-serialı olan "Fast Layne”də Zora Morris obrazını canlandırıb. Aktrisa yayım tarixi ən qısa zamanda açıqlanacaq olan Amazon/Plan B "Paper Girls” serialında baş rolda çıxış edəcək.

Səbinə Rakçeyeva -  azərbaycanlı skripkaçı, konsertmeyster və Avropa Mədəniyyət Parlamentinin üzvüdür. O, SOAS London Universitetində mədəniyyət diplomatiyası üzrə fəlsəfə doktoru dərəcəsini bitirib və "Arts Global Foundation”da Mədəniyyət məsləhətçisi kimi fəaliyyət göstərir.

Nigar Həsən-Zadə -  tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, Azərbaycanda məşhur "SöZ” ədəbi layihəsinin yaradıcısı və direktorudur. Vətənə qayıtmazdan əvvəl o, Londonda yaşayıb, burada Azərbaycan mədəniyyətini təbliğ edib, poeziyası ən eksklüziv ədəbi salonları bəzəyib.

Jamie Steedman (Ceymi Stidmen) - Nyu York Film Akademiyası məzundur. Əslən Şotlandiyanın Edinburq şəhərindən olan Ceymi "ENVY”, "The Conran Design Group”, "Saatchi and Saatchi”, "VICHY”, "Chanel”, "Google” kimi brend və şirkətlər üçün hərəkətli qrafik dizaynlar yaradıb. Animator və redaktor kimi "Discovery Chanel” və "Animal Planet”də çalışıb.

Mehriban Əfəndi - nüfuzlu "RADIANCE” Beynəlxalq Mükafatını qazanmış sürrealist rəssamdır. Azərbaycanın əməkdar artisti, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.

Böyük Britaniya, Londondan "Halo Post Production” – 2014-cü və 2019-cu illərin BAFTA qalibi. "Disney Productions”, "National Geographic” "CATS”, "JUDY”, "WILL SMITH ilə Yerə xoş gəlmisiniz” və s. kimi uğurlu işlərə imza atıb.

Bizim.Media

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin