Azərbaycanda pay torpağı olanlara ŞAD XƏBƏR - Sənədləşdirilmə başladı

Hazırda oxunan: Azərbaycanda pay torpağı olanlara ŞAD XƏBƏR - Sənədləşdirilmə başladı

52730

Azərbaycanda mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsinə başlanılıb.

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Bununla bağlı, pay torpaqlarına dair çıxarışı olmayan vətəndaşlara yerlərdə səyyar qeydiyyat xidməti göstərir.

Bu istiqamətdə görülən işlər Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, artıq ölkənin bir çox rayonlarında (Beyləqan, İmişli, Bərdə, Saatlı, Ağsu, Kürdəmir, Şamaxı, Qax, Yardımlı, Ağstafa, Sabirabad və Neftçala) vətəndaşlara səyyar qeydiyyat xidmətləri göstərilib. Mülkiyyət sənədləri almamış vətəndaşlar ödənişsiz şəkildə, yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə Xidmətin mobil ofislərinə yaxınlaşaraq pay torpaqlarına dair çıxarış üçün qeydiyyat xidmətlərindən yararlanıblar.

Məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsidir.

Qeydiyyat xidmətlərinin birbaşa yerlərdə göstərilməsi həmçinin, vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaradır.

Məlumat üçün bildirək ki, müvafiq Fərmanın icrası çərçivəsində bu ilin dekabrın sonunadək mülkiyyət sənədləri ilə təmin edilməmiş 3 min vətəndaşın sənədlərinin qəbulu planlaşdırılır. Fərman ümumilikdə, 3 il müddətində 50 minə yaxın ailənin mülkiyyət sənədləri ilə təmin edilməmiş torpaq paylarının dövlət vəsaiti hesabına sənədləşdirilməsini nəzərdə tutur.

Vətəndaşlar arzu etdikləri vaxt müraciət edə bilərlər. Fermerlərə subsidiyalar 2025-ci il yanvarın 1-dən yalnız çıxarışlar əsasında veriləcəyi nəzərə alınaraq, bu tarixədək müraciətlərin başa çatdırılması məqsədəuyğundur.
Fermerlərin mümkün qısa müddət ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi ofislərinə müraciət etməsi tövsiyyə edilir.

Dövlət Xidməti tərəfindən rayon və kənd mərkəzlərində mütəmadi olaraq mobil ofislər vasitəsilə vətəndaşlara yerində xidmət göstərilməsi təmin ediləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin