Dekabrın 28-də MDB hökumət başçılarının Sankt-Peterburqda qeyri-rəsmi sammitinin keçiriləcəyi artıq rəsmi şəkildə öz təsdiqini tapıb. Moldova istisna olmaqla, digər üzv ölkə rəhbərlərinin toplantıda iştirak edəcəyi gözlənilir.
Lakin görüşdə hansı məsələlərin gündəliyə salınacağı ilə bağlı hələlik hər hansı rəsmi açıqlama verilməyib.
Sadəcə olaraq, Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 24-də verdiyi illik hesabat zamanı MDB liderlərinin görüşü ilə bağlı da bəzi detalları açıqlayıb. Rusiya XİN rəsminin sözlərinə görə, sammitdə istənilən məsələ müzakirəyə çıxarıla bilər. Buna baxmayaraq, Zaxarova regional mövzuların da müzakirə predmetinə çevrilə biləcəyini istisna etməyib.
MÖVZU İLƏ BAĞLI:
Zaxarovanın İLBAŞI AÇIQLAMASI nə qədər səmimidir? – Cavabı politoloqun ŞƏRHİNDƏ
Peterburq iclası ilə bağlı erməni mənbələrində haçalanmış və ziddiyyətli informasiyalar paylaşılır. Ən çox üzərində durulan ehtimallardan biri də, Nikol Paşinyanla Azərbaycan Prezidenti ilham Əliyev arasında ikitərəfli görüşün baş tutacağıdır.
İki ölkə arasında həllini gözləyən məsələlərdə vasitəçi qismində çıxış edən Rusiyanın ev sahibliyi etdiyi MDB iclasında da İlham Əliyev-Nikol Paşinyan görüşünə şərait yaradıla bilər.
Brüssel görüşündən sonra ehtimallar daha da artıb. Çünki Avropadakı görüşdə də özünəməxsus irəliləmə oldu, 30 illik bir aradan sonra iki ölkə rəhbəri təbətək 5 saata yaxın danışıqlar apardılar. Bu gedişat Moskvada qısqanclıq yaratmaya bilməz.
Lakin bir qrup ekspert Moskvanın ikitərəfli görüşə şərait yaratmasının real olmadığı qənaətindədirlər və bunu Rusiya və Avropa diplomatiyasındakı kəskin fərqlərlə izah edirlər.
Əgər Avropa danışıqlarda daha sərbəst mühitin yaranmasında maraqlı olursa, Rusiya diplomatiyası daha konservativ formada özünü büruzə verir. Bu səbəbdən də, Kreml üçtərəfli görüşdə nəticənin əldə olunması üçün müəyyən qədər kompromisə getməyi, ikitərəfli müzakirələrdən daha üstün tuta bilər.
Təbii ki, iki variantdan hansının reallığa çevriləcəyi hələlik qeyri-müəyyən olsa da, həm Azərbaycan, həm də Ermənistan cəbhəsində 28 dekabr sammitindən gözləntilər heç də az deyil. Çünki, görüşün formatından və tərəflərin sayından asılı olmayaraq, Rusiya əsas vasitəçi mövqeyini qorumaq üçün, Brüssel görüşündən daha konstruktiv müzakirələrin təşkilinə maraq göstərə bilər.
Yerli və xarici siyasi ekspertlərə istinad edərək, Cəunbi Qafqazla bağlı Peterburq gözləntilərini bu cür təsinfləşdirə bilərik:
1. Azərbaycanı Naxçıvana birləşdirən avtomobil yolunun açılması ilə bağlı razılığın əldə olunması;
2. Dəmir yolunun açılması ilə bağlı əldə olunan şifahi razılaşmanın rəsmi şəkildə təsdiqini tapması;
3. Sərhədlərin delimitasiyası məsələsi ilə bağlı praktiki olaraq birgə addımların atılmağa başlanılması haqqında razılıq;
Ermənistanda işarmaqda olan Qarabağ iddialarını dəfn edən Paşinyanın “Dağlıq Qarabağın statusuna Azərbaycan Konstitusiyasına uyğun şəkildə qərar veriləcək” açıqlamasından sonra artıq İrəvanın sərhədlərin delimitasiyasına açıq maraq göstərəcəyi real görünür.
Azərbaycanınsa sözügedən mövzudakı qəti mövqeyini xatırlatmağa, yəqin ki, ehtiyac yoxdur.
4. Yekun sülh sazişi ilə bağlı ilkin müddəa və detalların müzakirəsi;
Bu, reallaşması hələlik bir qədər çətin görünən ehtimal olsa da, son proseslər sülh sazişi ilə bağlı ilkin məsələlərin gündəmə çıxarılmasını mümkün edə bilər.
Xüsusilə də, Nikol Paşinyanın Peterburq səfəri öncəsi verdiyi açıqlamada ölkəsinin sülh müaviləsinin imzalanmasında maraqlı olduğunu dilə gətirməsi dekabrın 28-də bu ehtimalın da gerçəkliyə dönüşməsini proqnozlaşdırmağa imkan verir.
Murad Əhmədov, Bizim.Media