“Laçın dəhlizində postların qurulması zaman məsələsidir” – POLİTOLOQ

Hazırda oxunan: “Laçın dəhlizində postların qurulması zaman məsələsidir” – POLİTOLOQ

52404

“Öncəliklə onu deyim ki, Valeri Perkesin Azərbaycan ərazisinə keçməsi sərhəd və miqrasiya qanunlarının pozulması halıdır. Məlum şəxs vizasız, icazəsiz, qaçaq, quldur kimi Azərbaycan ərazisinə keçib. Perkes Ermənistana, təbii ki, gələ bilər. Bu gəlişin səbəbi də onun seçkiöncəsi kampaniyasıdır. Lakin nəzərə alınmalıdır ki, Perkesin özü hələ rəsmi namizəd kimi qeydə alınmayıb. O, sadəcə olaraq, rəsmi namizəd olmağa namizəddir”.

Bu fikirləri Bizim.Media-ya verdiyi açıqlamada politoloq Yeganə Hacıyeva qeyd edib.

Belə ki, Perkesin Xankəndinə qanunsuz səfəri ilə bağlı fikirlərini bölüşən politoloq ilk öncə fransalı siyasətçinin bu addımı atma səbəblərinə toxunub:

“Bütün bunlara rəğmən Perkes daha da irəli gedərək, ordan Xankəndinə də səfər etdi. Bu isə onun təcrübəsizliyindən və ya beynəlxalq hüquqi normaları dərk etməməsindən irəli gəlir deyə bilərdik, yənu Perkesin səfərini ən yaxşı halda bu formada şərh edə bilərdik. Lakin Perkes, ən kəskin şərhlə Azərbaycanın ərazi bütövlüyünə nümayişkəranə şəkildə hörmətsizlik göstərib”.

Yeganə Hacıyevanın fikrincə, Azərbaycanın Perkesi “qara siyahı”ya salması görüləcək tədbirlərdən ilkidir:
 

“Perkesin bu addımına cavab olaraq, Azərbaycan tərəfi onu “qara siyahı”ya saldı. Bu, görülən ilk tədbir idi. Təbii ki, bu tədbirlərin davamı da gələcək. Çünki Perkes Azərbaycan ərazisinə daxil olarkən, ölkəmizin sərhəd qanunvericiliyi ilə bağlı normaların tələblərini də pozub.


Doğrudur, o, sülhməramlıların nəzarət etdiyi Laçın dəhlizindən keçərək Xankəndinə gəlib. Və rus sülhməramlılar da qəribə tərzdə selektiv olaraq, kiminsə keçib-keçməməyinə qərar verir. Xatırlayıram ki, bir ay öncə də iki avropalı jurnalist Qarabağaın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə gəlmək istəsələr də, onlara keçid izni verilməmişdi”.

Politoloq bu cür qanunsuz səfərlərin qarşısını almaq üçün Azərbaycanın Laçın dəhlizində sərhəd yoxlama məntəqələri qurmaq ehtimallarını da dəyərləndirib:

“Bu cür “ziyarət”lərin neçənci dəfədir ki baş verməsi səbəbindən, artıq Azərbaycan Laçın dəhlizində yoxlama postları qurmağı düşünməlidir. Azərbaycan sərhəd postları qurmalıdır və proseslər buna doğru gedir. Məsələ burasındadır ki, bu aktiv hərəkətlər istər Ermənistanda, istərsə də separatçı rejimin tör-töküntüləri arasında revanşizm duyğularının oyanmasına səbəb olur. Məsələn, Ermənistan hökuməti Perkesin bu hərəkətini ciddi şəkildə daxili təbliğatda istifadə edir. Bu da erməni ictimaiyyətinin Qarabağla bağlı növbəti xülyalarına düşməsinə gətirib çıxarır”.

Laçın dəhlizində sərhəd buraxılış məntəqələrinin qurulması zəruridir...
 

“Bu səbəblərdən dolayı, Azərbaycanın Laçın dəhlizində postlar qurmaq təşəbbüsünü icra etməsi sadəcə zaman məsələsidir. Artıq bu məsələ dəfələrlə qaldırılıb və qaldırılmağa da davam edəcək.


Əks halda sərhədlərimiz yenidən xarici vətəndaşlar tərəfindən pozula bilər. Perkes üzdə olan və nəzərəçarpan bir simadır. Lakin Laçın dəhlizindən keçən digər şəxslər heç bir yoxlanış olmadan asanlıqla Qarabağa gələ bilirlər. Bu cür səfərlərin qarşısını almaq üçün isə, Laçın dəhlizində Azərbaycanın sərhəd buraxılış məntəqələri qurması zəruridir”, Yeganə Hacıyeva fikirlərini yekunlaşdırıb.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin