Ermənilər Oxçuçayı çirkləndirməyə davam edir. Hamıda sual yaranır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi problemlə bağlı hansı qabaqlayıcı addımlar atır. Ümumiyyətlə Ermənistana təzyiq göstərilməsi üçün beynəlxalq əməkdaşlıqlar varmı?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdir müavini Raqub Mirzəyev Bizim.Media-ya özəl açıqlamasında bildirib ki, Oxçuçayla bağlı dəfələrlə beynəlxalq çağırışılar edilib:
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın Qarabağda törətdiyi 6 EKOLOJİ TERROR – Zəhərlənən Oxçuçay, baltalanan Bəsitçay
“Oxçuçayın çirkləndirilməsinin qarşısının alınması üçün Ermənistana hər hansı təzyiq göstərilsin, tədbirlər görülsün deyə həm beynəlxalq təşkilatlara, həm konvensiyalara müraciətlər olunub.
Amma çox təəssüflər olsun ki, bu istiqamətdə əməli tədbirlər görülməyib. Belə ki, BMT-nin İnkişaf Proqramının Avropa ofisinə, BMT-nin Avropa İqtisadi Komissiyasının katibliyinə, eləcə də komissiyanın transsərhəd kontekstdə ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə Espo konvensiyasına və sərhəddən keçən su axınlarının, beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki konvensiyasına müraciətlər olub. Paralel olaraq, Almaniya Bundestaqına da müraciət edilib. Amma çox təəssüflər olsun ki, nəticə etibarı ilə tədbirlər görülməyib”.
Belə başa düşdüm ki, müraciətlərə hələ cavab da gəlməyib, münasibət bildirilməyib?
“Münasibət deyəndə ki, ümumi kontekstdə - ətraf mühitin mühafizəsi ilə əlaqədar məktublar gəlib. Ancaq sırf Oxçuçayın çirklənməsinin qarşısını almaqla bağlı münasibət bildirilməyib”.
Oxçuçayın çirkləndirilməsi haqqında, fəsadlar barədə nə deyə bilərsiniz?
“Oxçuçaya Ermənistan ərazisində fəaliyyət göstərən Qacaran mis-molibden və Qafan filiz saflaşdırma kombinatlarının sənaye tullantıları atılır. Bununla yanaşı, Oxçuçay həmin ərazidə yerləşən yaşayış məntəqələrində formalaşan məişət tullantı suları ilə də çirkləndirilir.
Nəticədə, Oxçuçayın suyunda ağır metallar – dəmir, molibden və manqan normadan dəfələrlə çox olur. Bu isə çayın həm ekosisteminə, həm də bioloji ehtiyatlarına ciddi təsir göstərir. Ekologiya nazirliyi (ETSN) tərəfindən mütəmadi olaraq Oxçuçayda monitorinqlər keçirilir, su nümunələri götürülür. Fiziki-kimyəvi təhlillər aparılmaqla çirklənmə dinamikası müəyyənləşdirilir”.
Bizim.Media