Ramiz Göyüşovu şantaj edən sayt rəhbəri haqda YENİ XƏBƏR

Hazırda oxunan: Ramiz Göyüşovu şantaj edən sayt rəhbəri haqda YENİ XƏBƏR

52318

Bu gün Nəsimi Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) vəsatəti təmin edilməyib.

Bizim.Media xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kənan Kərimov ifadə verib.

O bildirib ki, M.Ələkbərov ondan Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun mobil telefon nömrəsini alıb.

Daha sonra vəkil Araz Nurməmmədov vəsatət qaldırıb. O, müdafiə etdiyi M.Ələkbərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbirinin seçilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Daha sonra vəkil M.Ələkbərovun xəstə olması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsindən alınan sənədi, həmçinin onun atası Məmmədhəsən Səməd oğlu Əkbərovun Əfqanıstan müharibəsinin və Birinci Qarabağ müharibəsinin iştirakçısı olması barədə sənədləri məhkəməyə təqdim edib.

Hakim verilən sənədləri cinayət işinə əlavə edib.

Bundan sonra hakim məhkəmə istintaqının tamamlanması barədə tərəflərin münasibətini öyrənib.

Vəkil A.Nurməmmədov istintaqın tamamlanmasına etiraz edib. O bildirib ki, işdə olan diskələrə baxılması və tədqiq edilməsi vacibdir. Hakim həmin disklərə növbəti iclasda baxılması barədə qərar qəbul edib.

Məhkəmənin növbəti iclası 2022-ci ilin yanvarın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında M.Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin