28 mayda avtobusun hərəkətinə mane olan sürücü polisə çağrıldı – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: 28 mayda avtobusun hərəkətinə mane olan sürücü polisə çağrıldı – RƏSMİ AÇIQLAMA

52294

Qanunsuz parklanmaların səbəb olduğu tıxac problemi ilə bağlı şikayət və narahatlıqlar bitmək bilmir.

Bu cür problemlərin sıx-sıx yaşandığı ərazilərdən biri də 28 May metro stansiyasının əsas çıxışının yaxınlığıdır (Cəfər Cabbarlı heykəlinin qarşısı).

Belə ki, dünən qanunsuz olaraq parklanan maşınlardan biri, marşrut avtobusunun hərəkət etməsinə ciddi maneə törədib. Nəticədə, avtobus 15-20 dəqiqə ərzində yoluna davam edə bilməyib. 

Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Bizim.Media-ya verdiyi açıqlamada fotoda əks olunan digər qanun pozuntularını da şərh edib:

“Fotodakı mənzərə həqiqətən də ürəkağrıdandır. Belə ki, yolların kəsişmə hissəsinə yaxın məsafədə təkcə, “Opel” markalı avtomobil deyil, kəsişməyə çatmamış park edən göy rəngli maşın, eyni zamanda ağ avtomobil də düzgün park edilməyib. Həmin avtomobillərin dövlət nömrə nişanları araşdırılıb, onlarla bağlı çox ciddi tədbirlər görülməsi üçün artıq məlumat verilib”. 

MÖVZU İLƏ BAĞLI:

Hava limanı yolunda yarışan avtobus sürücüləri CƏZALANDI - VİDEO

Vaqif Əsəsdov görüləcək tədbirlər barədə də fikirlərini bölüşərək, sürücülərə lazımi tövsiyələri ünvanlayıb:

“Sözsüz ki, burada sürücünü məsuliyyətə cəlb etmək deyil, profilaktik tədbirlər görmək nəzərdə tutulur. Məqsəd isə insanların bir daha yadına salmaqdır ki, parklanma tələbləri düzgün yerinə yetirilmədikdə son həddə bu cür mənzərəyə rast gəlinir. Bu da, ictmai nəqliyyat vasitələrinə və digər hərəkət iştirakçılarına maneə yaradır. Ona görə də, hər kəs nəqliyyat vasitəsini elə saxlamalıdır ki, hərəkət iştirakçılarına maneə törətməsin”. 

Sözügedən əraziyə nəzarətin həyata keçirilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə də əlaqə saxladıq.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Agentliyin mətbuat katibi Mais Ağayev bildirib ki, Agentliyin qanunsuz parklanmaya qarşı mübarizəsinin əsas hədəfi elə məhz bu kimi hallardır:

“Mütəmadi olaraq bu və buna bənzər ərazilərdə parklanmaya nəzarət tədbirləri görülür. Məsələ ondadır ki, əməkdaşlar ərazidən kənarlaşan kimi yenidən xaotik vəziyyət yaranır”.

BNA rəsmisi sürücüləri də məsuliyyətli olmağa çağırıb: 

“Avtomobilini bu formada qanunsuz park edən sürücü bilməlidir ki, onun məsuliyyətsizliyi digər hərəkət iştirakçılarının davranışlarına mənfi təsir edir. İctimai nəqliyyat istifadəçiləri ciddi çətinliklər yaşayır. Avtobusların intervalında ləngimələr yaranır. Ona görə bir daha fərdi avtomobil sürücülərini qaydalara riayət etməyə, sosial məsuliyyətli olmağa çağırırıq”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə ilk öncə problem yaradan səbəblərə diqqət çəkib:

“Bu cür halların yaranmasında əsas səbəblərdən biri, Bakı şəhərində əksər iri ticarət mərkəzləri, xəstəxanalar, hətta məktəblərin parklanma yerinin olmamasıdır. Və həmin əraziyə gələn sürücülər avtomobili yolun ortasında saxlamağa məcburdurlar”. 

Ekspert problemin həlli üçün hansı tədbirlərin görülməli olduğunu da diqqətə çatdırıb: 

“Bu problemi aradan qaldırmaq üçün, Cənab Prezidentin imzaladığı “Azərbaycan Respublikasında Yol Hərəkəti Təhlükəsizliyinə dair” Dövlət Proqramına nəzər salmalyıq.
Proqram 5 illik müddətə nəzərdə tutulub. 2019-2023-cü illər ərzində həmin müddəalar həyata keçirilməlidir. Oradakı bəndlərdən birində qeyd olunub ki, şəhərsalma və arxitektura qaydalarına görə, bütün obyektlərin parklanma yerləri olmalıdır. Əgər bu cür yerlər yoxdursa, həmin obyektlərin qarşısında şərt qoyulmalıdır ki, parklanma yerləri təşkil etsinlər. Bu həm yaşayış binalarına, həm də ticarət və digər obyektlərə aiddir”. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin