İmişlidə iki gündür təbii qazın verilişi dayandırılıb. Bununla bağlı Bizim.Media-ya İmişli sakinləri şikayətləniblər. Sakinlərin bildirdiyinə görə son iki gündə havanın kəskin soyuması, eyni zamanda qazın məhdudlaşdırılması onların əməlli-başlı rahatlıqlarını pozub. Xüsusilə körpəsi, yaşlı ailə üzvləri və xəstəsi olan ailələrdə istiliklə bağlı çətinlik yaranıb.
Sakinlər “Azəriqaz” İstehsalat Birliyinin regional şöbəsinə problemlə bağlı müraciət etsələr də, məsələ ilə bağlı abonentlərə tutarlı cavab verən olmayıb.
Bizim.Media-ya bu barədə açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, rayon mərkəzinə gedən boruda avtoqəza yarandığı üçün qaz dayandırılıb və hazırda probelm yoluna qoyulur:
MÖVZU İLƏ BAĞLI:
Abşeronda nə baş verir? - 3 min ev qazsız qalıb: "Polisə məlumat vermişik, lakin..."
“İmişli rayon mərkəzində şəhər əhalisini təbii qazla təmin edən diametri 325 mm olan polad borunun yerüstü yol keçidi hissəsi avtoqəza nəticəsində sıradan çıxıb.
Nəticədə 11 min abonentin qaz təchizatında fasilə yaranıb. Qəza nəticəsində qaz xəttinin üzərində olan diametri 150 və 300 mm olan siyirtmə, eləcə də qaz tənzimləyici tamamilə sıradan çıxıb. Hal-hazırda sözügedən ərazidə qaz təchizatında yaranan fasilənin tezliklə aradan qaldırılması məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları qəza-bərpa işlərini davam etdirir”.
Alçina Amilqızı, Bizim.Media