Bank kartlarında nağdlaşdırma zamanı tutulan komisiyya haqqı ilə bağlı narazılıq artıb.
Belə bir problemlə iqtisadçı-ekspert Qadir İbrahimli üzləşib. O, müştərisi olduğu Kapital və Beynəlxalq Bankla bağlı nağdlaşdırmada komissiya haqqına görə tutulan məbləğin qeyri-qanuni olduğundan şikayətlənib.
Ekspertin sözlərinə görə Kapital Bankdan 5 manat nağdlaşdıranda 1 manat komissiya haqqı tutulur. Yəni nağdlaşdırılan məbləğin 20 faizi həcmində pul çıxılır.
MÖVZU İLƏ BAĞLI:
Ölkəmizdə ödəniş kartlarının sayı 10 milyon 858 min ədəd oldu
Hansı ki, normalda bu hədd 0,1-1 faiz həcmində olmalıdır. Analoji halın Beynəlxalq Bankda da yaşandığını dilə gətirən ekspert komissiya haqqına görə fantastik məbləğin tətbiq olunmasını qanunsuz və soyğunçuluq kimi qiymətləndirib:
“Bu gün (yəni dünən) 16 manat kartdan pul çıxartmışam. Komissiya haqqı nə qədər olsa yaxşıdır? 3 manat 66 qəpik, yəni 19 faiz... İndiki qaydalara görə, müştərilərin depozit hesablarındakı vəsaitlər ən axırıncı, yəni əhəmiyyətsiz məsələdir. Bunu sözügedən banklar yaxşı anladığından fantastik xidmət haqları tətbiq edir”, - deyə ekspert əlavə edib.
Məsələ ilə bağlı Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinov Bizim.Media-ya açıqlamasında nağdlaşdırma zamanı 20 faiz həcmində komissiya haqqının tutulmadığını iddia edib:
“Bankın rəsmi səhifəsində tariflər var və orada qeyd olunub ki, 100 manata qədər pul çıxartdıqda 1 manat pul tutulur, 100 manatdan yuxarı pul çıxaranda isə 1 faiz komissiya haqqı çıxılır. Bizdə 20 faiz həcmində komissiya haqqının tutulması yoxdur”.
Beynəlxalq Bankın mətbuat katibi Yadigar Cəfərli də öz növbəsində problemdən kənar açıqlama verib. O, mövqeyini bankın rəsmi səhifəsində tariflərin qeyd olunduğu cavab verməklə kifayətlənib.
Hər iki bank rəsmisi iqtisadçı Qadir İbrahimlinin üzləşdiyi faktın reallıqda mövcudluğunu inkar etsələr də, bankların komissiya haqqına görə məbləğ tətbiq etmələri birinci hadisə deyil.
Dəfələrlə bununla bağlı narazılıqlar gündəmə gəlsə də, banklar qanundan kənar fəaliyyətləri ilə müştərilərini soymaqda və aldatmada davam edirlər.
Qeyd edək ki, nağdlaşdırma zamanı bankın komissiyasından əlavə 1 faiz sadələşdirilmiş vergi tutulur ki, bu da Vergilər Məcəlləsinə əsasən tənzimlənir. Amma bankların çoxu bu qanundan kənara çıxır.
Alçina Amilqızı, Bizim.Media