“Şuşa ermənilər üçün bütün Qarabağı nəzarətdə saxlayan strateji yüksəklik və bölgənin əsas müdafiə sütunu idi. Şuşa Xankəndinin müdafiəsini təmin edirdi. Onu Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus vilayəti ilə bağlayan yol da məhz buradan keçirdi. Şuşanı azad etmək Vətən müharibəsinin ən mühüm zirvəsi idi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.
Müdafiə naziri vurğulayıb ki, bölmələrimiz Laçın dəhlizinə doğru yaxınlaşmışdı:
“Oktyabrın son günlərindən Azərbaycan Ordusunun bölmələri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələr Şuşanın müdafiəsini yarmaq üçün müxtəlif istiqamətlərdən əməliyyata başladılar.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Mirzəyev Şuşa döyüşlərinin bəzi sirlərini açdı - VİDEO
Əməliyyat hazırlanarkən cənab Prezidentin verdiyi tapşırıqlardan biri də o idi ki, Şuşanın mədəniyyət mərkəzi olduğu nəzərə alınmalı, şəhər dağıdılmadan, tarixi görkəmi qalmaq şərti ilə azad olunmalıdır.
Kəşfiyyat məlumatına görə, ermənilər bizi iki istiqamətdən gözləyirdilər. Onlar Qırmızı Bazardan Şuşakəndə, oradan isə Şuşaya qalxan yolda və Laçın istiqamətində şiddətli döyüşlərə hazırlaşırdılar. Ona görə də əsas qüvvələrini orada cəmləşdirmişdilər.
Azərbaycan hərbi komandanlığının əməliyyat planına görə isə Şuşaya sıx meşələrdən yeni yol açıldı. Qəhrəman mühəndis-istehkam qoşunlarımız qısa müddətdə inanılmaz işə imza ataraq bu yolu istifadəyə hazır etdi. Mühəndis-istehkamçılarımız ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər.
Bu yol ermənilər üçün sözün əsl mənasında böyük şok oldu. Nəticədə artilleriya qurğularını Şuşa ətrafına çəkə bildik.
Noyabrın ilk günlərindən Şuşa uğrunda döyüşlər kəskinləşdi. Xüsusi Təyinatlı Qüvvələrin və digər hərbi birləşmələrin şəxsi heyəti artıq Şuşaya doğru atəş dəstəyi olmadan sıldırım qayalar, yarğanlar, meşələr vasitəsilə irəliləyir, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alırdı.
Mərhələlərlə Şuşa ətrafındakı kəndlər, yüksəkliklər azad edilir, hərbçilərimiz gizli yollarla Şuşaya doğru irəliləyirdilər.
Noyabrın 6-da şəhərdə hər küçə, məhəllə, ev uğrunda qanlı döyüş baş verirdi. Ermənilərin itkiləri kütləvi idi və böyük təşviş içində Şuşadan qaçırdılar. Sonradan ermənilər bir neçə dəfə yenidən şəhərə daxil olmağa cəhd göstərsələr də, bütün həmlələri igid hərbçilərimiz tərəfindən dəf edildi.
Hətta noyabr ayının 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş “İsgəndər-M” ballistik raketləri atıldı.
Düşmənin bir neçə əks-hücumuna baxmayaraq, Azərbaycan Ordusu öz mövqelərini qorudu, möhkəm müdafiə yaratdı və şəhərdə qalan Ermənistan silahlı qüvvələrinin bölmələrini məhv edərək əraziləri düşməndən təmizlədi”.
Bizim.Media