Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə radikal erməni milliyətçiləri tərəfindən azərbaycanlılara qarşı nifrət zəminində 10 illərlə aparılan Azərbaycanfobiya siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı etnik təmizləmə və soyqırım kimi insanlıq əleyhinə işlənmiş cinayətlərin qurbanları olublar.
Bizim.Media xəbər verir ki, Ombudsman Aparatından verilən məlumata görə, bu siyasət eyni zamanda xaricdə yaşayan erməni radikal qrupları tərəfindən də dəstəklənməkdədir.
Məhz bu siyasətin nəticəsində Ermənistan hakimiyyəti 30 ilə yaxın müddət ərzində BMT-nin məlum qətnamələrini də heçə sayaraq Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb:
"Heç şübhəsiz ki, bu akt insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə yanaşı, eyni zamanda regionda sülhə ciddi təhdid yaradıb. Azərbaycan əsrlərlə müxtəlif millətlərə, dinlərə və mədəniyyətlərə mənsub insanların dostluq, qardaşlıq mühitində yaşadığı bir məkan olub və indi də bu belədir. Hətta yürüdülən Azərbaycanfobiya siyasətinə baxmayaraq bu gün də çox sayda mənşəcə erməni millətindən olan insan heç bir ayrı-seçkiliyə məruz qalmadan Azərbaycanda yaşayır''.
''Ancaq təəssüflə qeyd etməliyik ki, radikal erməni qrupları Ermənistan siyasi elitasının da dəstəyini alaraq azərbaycanlılara aid qəbirləri dağıdır, mədəni və dini abidələrə zərər verərək erməni ictimaiyyətində etnik zəmində nifrət hissini körükləyirlər".
Bizim.Media