İqtisadiyyat nazirliyinin Türkiyənin nəhəng holdinqi ilə imzaladığı müqavilənin DETALLARI - FOTO

Hazırda oxunan: İqtisadiyyat nazirliyinin Türkiyənin nəhəng holdinqi ilə imzaladığı müqavilənin DETALLARI - FOTO

51137

İqtisadiyyat Nazirliyində Türkiyənin “Demirören” Holdinqinin nümayəndə heyəti ilə görüş keçirildiyi barədə xəbər vermişdik.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata əsasən, görüşdə Holdinqlə əməkdaşlığın genişləndirilməsi, həmçinin əczaçılıq sahəsində imzalanacaq Anlaşma Memorandumu ilə bağlı müzakirə aparılıb.

Daha sonra İqtisadiyyat Nazirliyi və “Demirören” Holdinq arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Demirören” Holdinqin İdarə Heyətinin sədri Yıldırım Demirören imzalayıblar.

Memorandumda Azərbaycanda birgə müəssisə yaratmaqla əczaçılıq məhsullarının istehsalı və satışının təşkili nəzərdə tutulur. Müəssisənin tikintisi üçün Pirallahı Sənaye Parkında müvafiq ərazinin ayrılması, Azərbaycan İnvestisiya Şirkətinin layihədə iştirakı və ən azı, 150 nəfəri yerli olmaqla yeni iş yerlərinin açılması planlaşdırılır.

Memoranduma uyğun olaraq, “Demirören” Holdinq layihəyə 40 milyon ABŞ dollarınadək investisiya yatıracaq, istehsal prosesi ixtisaslı aparıcı şirkətlərin müvafiq lisenziyaları əsasında GMP standartlarına uyğun təşkil ediləcək.

Anlaşmada həmçinin, bilik və təcrübələrin mübadiləsi, yerli universitetlərdə araşdırma və tədqiqat proqramlarının hazırlanması, sənayenin əlaqədar sahələrinin inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Demirören” Holdinq Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir. 

Bu ilin fevralında imzalanmış müqaviləyə əsasən, “Azərlotereya” ASC “Demirören” Holdinqə daxil olan “YMT Sans B.V.” şirkətinə idarəetməyə verilib.

Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanaraq, “Demirören” Holdinq “Azərlotereya” ASC-dən sonra ikinci layihəsinə də qısa müddətdə başlamağa qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin