Politoloq İlqar Vəlizadənin fikrincə, Fransa Azərbaycanın vacib tərəfdaşı olsa da, Makronun populizm və ermənipərəstliyi hamıya məlumdur. Makronun Brüsseldəki təşəbbüskarlığı da müəyyən daxili və xarici məqsədlər güdür:
“Makronun canfəşanlığı həm də bununla bağlıdır ki, gələn il Fransa Avropa İttifaqına başçılıq edəcək, eyni zamanda Fransada seçkilər olacaq”.
Politoloqun sözündən anlaşılan kimi, Makronun “erməniləri heç vaxt tək qoymayacağıq” paylaşımı da gələcək seçkilərdə Fransada yaşayan ermənilərin səsini toplamağa hesablanıb.
MÖVZU İLƏ BAĞLI:
Makrondan Azərbaycan dilində paylaşım - FOTO
Bizim.Media-ya özəl açıqlamasında İlqar Vəlizadə bildirib ki, sadalananlara baxmayaraq nəticə gətirəcək bütün danışıqlar Azərbaycan üçün məqbuldur. Yəni, Bakı qarşıya qoyulan hədəflərə çatmaq üçün bütün platformalardan istifadə edir.
O ki qaldı əldə olunan razılıqlara:
“Görünən odur ki, tərəflər dəmir yolunun çəkilməsi ilə bağlı artıq tam razılığa gəliblər. İş orasındadır ki, məsələni sadəcə detallaşdırmaq lazımdır. Paşinyan da hökumətinin iclasında açıqlayıb ki, söhbət layihələndirmə işlərindən gedir və iş praktiki müstəviyə keçir. Çox güman ki, gələn ildən işlər başlayacaq.
Digər tərəfdən hələ də aydın olmayan məsələ Zəngəzur dəhlizi vasitəsilə sərnişin və yüklərin hansı şərtlərlə gedib-gəlməsidir. Azərbaycan tərəfinin təklifləri açıqdır. Belə ki, əgər Zəngəzurda gömrük postları olsa, Laçın dəhlizində də qoyulmalıdır. Düşünürəm ki, danışıqlar bununla bağlı gedəcək. Amma bu da normaldır. Çünki xətlər inşa olunmayıb və hələ vaxt var”.
Bizim.Media