Mingəçevirdə ən çox ziyarət olunan ünvanlardan olan "Azərbaycanlıların Soyqırımı və Deportasiyası Qurbanları" xatirə kompleksi yenidən qurulur.
Bizim.Media-nın məlumatına görə, Şəhidlər Xiyabanı Xatirə Kompleksində yerləşən abidə vaxtilə ölkənin ilk analoji abidələrindən olsa da, zaman-zaman üzərində istifadə olunmuş fasad və dizayn materiallarının keyfiyyətsizliyi səbəbindən arzuolunmaz formaya düşürdü.
Artıq bu problemlərin biryolluq həlli istiqamətində əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İnsanların ən çox ziyarət etdiyi bu ünvan tamamilə yeni və müasir üslubda bərpa olunur.
Tikinti-təmir işlərinə məsul olan təşkilat nümayəndəsi Vüqar Məmmədovun Bizim.Media-ya verdiyi məlumata görə, kompleksdə aparılan işlər ən qısa zamanda başa çatdırılacaq və yeni ilin ilk günlərindən etibarən tamamilə yeni estetik görkəmdə ziyarətçilərin ixtiyarına veriləcək.
Ehtiram Muradov, Bizim.Media