Paravoz tüstüsü verən avtobuslardan nə vaxt qurtulacağıq? –Tıxac fəlakəti haqqında XƏBƏRDARLIQ

Hazırda oxunan: Paravoz tüstüsü verən avtobuslardan nə vaxt qurtulacağıq? –Tıxac fəlakəti haqqında XƏBƏRDARLIQ

50407

“Paytaxt yollarında tıxacların səviyyəsi pandemiyadan əvvəlki vəziyyəti keçib. Belə davam etsə, daha sürəkli və dözülməz tixaclar görəcəyik. Ona görə də təcili olaraq ictimai nəqliyyatın yaxşılaşdırılması, avtobusların yenilənməsi, marşrut sayının artırılması, şəbəkənin genişlənməsi, ictimai nəqliyyata etimadın bərpası üçün işlər görülməlidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Ərşad Hüseynov “Facebook” hesabında qeyd edib.

MÖVZU İLƏ BAĞLI:

“Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB


Onun sözlərinə görə bu istiqamətdə görüləsi ən vacib işlərdən biri bütün ölkə üzrə, xüsusən də paytaxtda, Gəncədə və Sumqayıtda avtobusların sayının artırılmasıdır:

“Lakin dizel mühərrikli avtobusların idxalına 2019-cu il yanvarın 1-dən aksiz vergisinin tətbiqi bu yanacaq növlü avtobusların ölkəyə gətirilməsini xeyli çətinləşdirib. Avtobus parkımızın elektrobuslar və CNG (sıxılmış qaz) ilə işləyən avtobuslar hesabına genişləndirilməsi kifayət qədər çətin işdir. İctimai nəqliyyatın istismarı ilə bağlı indiki iqtisadi vəziyyətdə fərdi sahibkarların bu sahəyə ciddi yatırım edəcəyini gözləmək əbəsdir. Hətta elektrobusların və CNG ilə işləyən avtobusların geniş istismarı üçün hazırda şərait də yoxdur (BakuBus qarajları istisna olmaqla, avtobusları CNG ilə təmin edəcək doldurma məntəqələri yoxdur).

Yalnız dövlət büdcəsi hesabına bu işin yerinə yetirilməsi də həm real deyil, həm də səmərəli olmayacaq. Belə olan təqdirdə yaxın illər üçün hələlik çıxış yolu daha müasir dizel mühərrikli avtobusların gətirilməsidir”. 

Ekspert hesab edir ki, dizel mühərrikli avtobusların idxalına yanlış olaraq tətbiq edilmiş aksiz vergisinin 2022-ci il yanvarın 1-dən ləğvi Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasına daxil edilməlidir:

“Belə edilməsə, paytaxtın və bütövlükdə ölkənin avtobus parkının yenilənməsi və genişləndirilməsi daha da ləng gedəcək. Onsuz da il ərzində ölkəyə gətirilən avtobusların sayı bir neçə yüz olur. Onlara görə aksiz çox cüzi bir məbləğ edir və dövlət büdcəsi bundan zərər görməyəcək. Eyni zamanda nisbətən yeni dizel mühərrikli avtobusların idxalının çətinliyi 10-15 ilin dizel mühərrikli, paravoz tüstüsü verən avtobuslarından daha bərk yapışmağa vadar edir ki, bu da ekoloji baxımdan daha təhlükəlidir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin