“Qaraheybət” qəzası zamanı həlak olan POLKOVNİKİN QIZI: “Elçin Nəbiyevə dedi ki...”

Hazırda oxunan: “Qaraheybət” qəzası zamanı həlak olan POLKOVNİKİN QIZI: “Elçin Nəbiyevə dedi ki...”

49876

Noyabrın 30-da “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı şəhid olan Dövlət Sərhəd Xidmətinin polkovniki Füzuli Cavadovun qızı Nərmin Ağayeva deyir ki, həmin gün havanın küləkli olacağını biləndə çox sevinib. 

“Atam hər gün səhərlər avtomobili ilə məni işə gətirirdi. Həmin gün də adətimiz üzrə avtomobildə görüşdük, deyə-gülə məni mənzil başına çatdırdı. Dedi ki, “bu gün uçuşumuz var”.

MÖVZU İLƏ BAĞLI:

Qəza zamanı həlak olan polkovnik Səfər Əbiyevi ölümdən xilas edib


Ondan ayrıldqıqdan sonra uşaqlıqdan adət etdiyim kimi tez hava xəbərlərinə baxdım. Havanın küləkli olduğunu görüb sevindim ki, uçuş olmayacaq”.

Lakin Füzuli Cavadov həmin günü səmalara qanad açır...

Nərmin Ağayeva 30 noyabr dəhşətini isə belə xatırlayır:

“Biz hər zaman atamın peşəsinin riskini, təhlükəsini, çətinliyini bilirdik. O, özü hər zaman bizi buna hazırlayırdı. Atamdan ayrıldıqdan bir müddət sonra bu acı xəbəri aldım. Həmin an dünya başıma fırlandı. İki saata yaxın özümdə olmadım, az qala ürəyim dayanacaqdı. Amma birdən-birə mənə ilahi bir qüc gəldi. Özüm özümü tanıya bilmədim. Sanki atamın ruhu mənə yardımçı oldu, güc – təkan verdi. Bir an olanları dərk edib, sakitləşdim. Həmin an başa düşdüm ki, atam qarşısında zəif deyil, ona layiq olan güclü bir insan görmək istəyər. Həmin an özümü toparlayıb anama, əmilərimə atamın şəhid olduğunu dedim. Onlara xəbəri anidən deyil yavaş-yavaş alışdırmağa çalışdım. Əvvəl dedim ki, qəza olub və ata yaralıdır, ancaq ailəmə hər şeyə hazır olmalarını da tapşırdım. Atamın əziz ruhu mənə o qədər səbr vermişdi ki, o ağır anlarda onları mən təsəlli etdim”.

Nərminin atası ilə bağlı o qədər xatirələri var ki. Deyir ki, bütün gözəl keyfiyyətləri özündə birləşdirən Füzuli Cavadov gözəl insan, peşəkar hərbçi  və əvəzolunmaz ata idi. 

Bu gün atasının şərəfli yolunu o 27 yaşlı Nərmin Ağayeva davam etdirir. Nərmin 7 ay idi ki, Dövlət Sərhəd Xidmətində atası ilə çiyin-çiyinə çalışırdı. Nərmin deyir ki, atası ilə indi daha çox qürur duyur.

"Biz ata-qız olaraq bir-birimizlə çox fəxr edirdik. Atam məni işdə görəndə həmişə gözlərindən fəxarət hissi duyulurdu. Bir dəfə atamın yanında dostu, helikopter qəzasında şəhid olan Elçin Nəbiyevlə rastlaşdım. Atam zarafatca ondan soruşdu ki, “Bu qızı tanıyırsan? Elçin Nəbiyev isə gülümsəyərək dedi ki, kimdi ki? Atam isə fəxrlə söylədi ki, mənim qızımdı”. 

Şəhid pilotun sərhədçi qızı atasının hərtərəfli universal bir insan olduğunu deyir.

"Atam şeir, qəzəl həvəskarı idi. İmkan düşən kimi, Zirənin və ətraf kəndlərin ədəbiyyat həvəskarlarını yğıb Nizamidən, Nəsimidən, Füzulidən qəzəl məclisləri qurardı, orada bədahətən qəzəllər söyləyərdi. Biz də onunla zarafat edərək deyirdik ki, ata "Məclisi Üns"təşkil edib".

Nərmin atasının ölümündən bir həftə əvvəl babası Əlibrahimin vəfat etməsi, bunun atası üçün necə bir yara olması barədə də söz açıb.

"Babamın vəfatının yeddisi atamın şəhid olduğu günə düşdü. Evimizdə yas-yasa qarışdı. Atam atasına çox bağlı bir övlad idi. Sanki atası üçün darıxıb onun görüşünə tələsdi".

Uzun illər Müdafiə Nazirliyində işləyib təqaüdə çıxan Cavadov 2014-ci ildə Dövlət Sərhəd Xidmətində təyyarəçi-inspektor kimi işə başlayıb. Və bu vəzifədə o, pillə-pillə ucalıb. 2021-ci ilin sentyabr ayından Dövlət Sərhəd Xidmətinin Mərkəzi aparatında aviasiya idarəsinin rəisi təyin edilən polkovnik Cavadov Birinci Qarabağ Müharibəsində, Aprel döyüşlərində, Vətən Müharibəsində fəal iştirak edib. 

“Vətən müharibəsi başlayanda atam Rusiyanın Saratov şəhərində ezamiyyətdə idi. Oktyabrın 5-də ezamiyyətdən gələn kimi cəbhəyə yollandı”.

İşlədiyi illər ərzində müxtəlif medallarla təltif edilən polkovnik Füzuli Cavadovun son dövlət mükafatı "Vətənə xidmətə görə" ordeni olub. 

Nərmin isə atasının aldığı ən son mükafatdan danışır. Həm qürur, həm kədər hissi ilə...

“Sonda Füzuli Cavadov özünün ən qiymətli mükafatını alır. O, ən ali zirvə olan şəhidlik məqamına yüksəllir. 

Cənnətin mübarək, ata!”

Aytəkin Alxaslı, Bizim.Media
















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin