Azərbaycan tarixinin ədalətli KEŞİKÇİSİ – Aydın Balayev kim idi?

Hazırda oxunan: Azərbaycan tarixinin ədalətli KEŞİKÇİSİ – Aydın Balayev kim idi?

49649

“O, kitablar yazmırdı, yazdığı kitablarda yaşayırdı. Rəsulzadəni yazanda qatı azərbaycançıya, Ağaoğlunu yazanda qatı türkçüyə çevrilirdi. Möhtəşəm əsərləri, gərgin əməyi ilə gənclər üçün tarixin qaranlıq dəhlizlərini işıqlandırırdı. Ziyası ilə nur saçan nəslin son nümayəndələrindən biri idi”.

Bu sözlərlə tarix üzrə elmlər doktoru Aydın Balayevin ölümündən kədərlənən yaxın dostları onun yoxluğunun ağrı-acısını ifadə edib. 

Görkəmli alim, Cumhuriyyət tarixi haqqında 1992-1993-cü ildə ilk kitabların müəllifi Aydin Balayevin qəfil gedişi yaxınlarını, doğmalarını və onu sevənlərini çox üzüb.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda tarixçi alim vəfat etdi - FOTO


Bu gün bu insanlar Aydın müəllimin yoxluğuna alışa bilmir və ona olan sonsuz sevgilərini sözlərlə bildirməyə çalışırlar.

Professor Qulu Məhərrəmli yazır:

“Görkəmli tarixçi alim və parlaq şəxsiyyət Aydın Balayevin vəfatı elmimiz üçün əvəzsiz itkidir. Həqiqi alim və peşəkar tədqiqatçı olan A.Balayev etnososiologiya, etnik sosiolinqvistika, eləcə də XIX əsrin sonu və XX əsrin başlanğıcında Azərbaycanda milli hərəkatın təşəkkülü və milli kimliyin formalaşması proseslərinin tədqiqinə dair 15-dən artıq kitabın müəllifi idi.

Böyük insana və əziz dostumuz Aydın Balayevə Allah rəhmət eləsin!”

Bəs Aydın Balayev kim idi, bu sevgini necə qazanmışdı?

O, 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirir və daha sonra təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam edir.

Görkəmli alim 1982 –ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda işləməyə başlayır.
 

Aydın Balayev həm də ADR irsinin ən məşhur araşdırmaçısı idi. Sovet hakimiyyəti dağıldıqdan sonra ilk dəfə cumhuriyyət barədə kitabların müəllifi məhz Aydın Balayev olub.


O, 70 il ərzində Cümhuriyyət və onun qurucuları üzərinə atılan şər-böhtanı təmizləyən, onları bizə tanıdan və sevdirən ilk insanlardan biri, tarixçi idi. Onun 90-dan çox elmi əsərləri olub. Son dövrlərdə Aydın Balayev həm də “Çapar” dərgisində məqalələri çap olunurdu. 

Aydın Balayev məşhur jurnalist Nailə Balayeva ilə evli idi. Cütlüyün  Tutu və Aqşin adlı iki övladı var. 

Azərbaycan çox dəyərli bir ziyalısını itirdi. Allah rəhmət etsin.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin