Son günlər sosial şəbəkələrdə bəzi taksi sürücülərindən narazılıq artıb. Şikayətlərdə xüsusilə qadınlara qarşı olunan iyrənc rəftar vurğulanır. Bu isə insanlarda, daha çox isə xanımlarda taksi sürücülərinə qarşı qorxu və etibarsızlıq hissi yaradır.
Taksi sürücülərinin xanım sərnişinlərə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etməsi ilə bağlı Daxili İşlər Nazirliyi də xəbərdarlıq edib. O, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı müraciətlərin daxil olduğunu vurğulayıb. Bir sözlə məsələ ciddi problemə çevrilib.
Ekspertlərin fikrincə, Azərbaycanda taksi sürücülərinin fəaliyyətinin tənzimlənməsində boşluq və işçi götürən taksi şirkətlərinin iş prinsipində çatışmazlıqlar var. Yəni sürücünü tanımadan, keçmişdəki fəaliyyəti nəzərə alınmadan işə götürürlər. Bu da xoşagəlməz hallarla nəticələnir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda xanım müştəriyə “çay içmək” təklif edən sürücü SAXLANILDI - VİDEO
Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə hazırda Azərbaycanda taksi xidməti liberaldır, bazar iqtisadiyyatı və tələb-təklif əsasında formalaşmış bir sahədir:
“Qiymət və operativ baxımından da düşünürəm ki, çox şaxəlidir. Vətəndaşların burada seçim imkanları var. Taksi fəaliyyəti həm bu xidməti göstərən şirkətlər, həm operator şirkətlər tərəfindən, həm də fərdi qaydada həyata keçirilir.
Hər bir vətəndaş dövlətə vergi ödəməklə taksi fəaliyyəti ilə məşğul ola bilər. Bu normal və olduqca müsbət haldır. O ki qaldı taksi sürücülərinin nalayiq hərəkət etmələrinə, biz bu sahəni sırf taksidə əxlaqsızlıq olur deyə ayıra bilmərik.
Taksi fəaliyyəti ilə minlərlə insan məşğul olur və onların arasında gözəl, savadlı, ləqayətli ailə başçıları da var. İşləyirlər, vergi ödəyirlər və evlərinə çörək aparırlar. Tək-tük hallar var ki, bəzi cavan şəxslər nədənsə sui-istifadə edirlər və biabırçı hallar yaşanır”.
Ekspert belə əxlaqsızlıqların təkcə taksi sürücüləri tərəfindən edilmədiyini vurğulayıb:
“Yaxşı bilirik ki, icra başçısının, bələdiyyə sədrinin, məmurun, hər hansı polis işçisinin, yaxud özəl şirkət rəhbərinin işçisinə və ya deputatın xanım həmkarına qarşı əxlaqsız hərəkətləri üzə çıxıb. Bu, cəmiyyətin problemidir, hər hansı taksi şirkətinin deyil...Problemi kökündən həll etməliyik. Amma bu da indiki dövrdə çətin əmələ gələn bir məsələdir”.
Sürücülər arasında narkotik istifadəçisi, içki aludəçisi ilə seçilənlərin olması məsələsinə gəlincə, ekspert deyib ki, belə şəxslər barəsində ciddi mübarizə aparılması vacibdir:
“Yoxsa kimsə məhkumluq həyatı yaşayıbsa və islah olunubsa, yenidən ictimai nəqliyyatda tasi fəaliyyəti ilə məşğul olması normaldır. Hamısı vətəndalarımızdır və istədikləri sahədə çalışma hüquqları var.
Taksidə və ya hər hansı yerdə belə xoşagəlməyən hallar olanda vətəndaşlar üçün DİN-in 102 xidməti yaradılıb. Hər hansı zorakılıq və problemlə üzləşən vətəndaş həmin xidmtlə dərhal əlaqə saxlaya bilər. Əxlaqsız hərəkət etmiş şəxslər barədə DİN müvafiq tədbir görəcək”.
Alçina Amilqızı, Bizim.Media