Azərbaycanda “Piramida” dələduzları – Onlar necə tora salır?  

Hazırda oxunan: Azərbaycanda “Piramida” dələduzları – Onlar necə tora salır?  

47117

Ponzi sistemi, Piramida və ya Səadət zənciri.

Uzun illərdir ki, asan qazanc növü kimi insanlara müxtəlif adlarla təqdim olunan bu cür variantlar bütün dünyada milyonlarla insanın külli miqdarda vəsaitinin mənimsənilməsi ilə nəticələnib.

Son olaraq isə ölkəmizdə, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları sosial şəbəkələrin imkanlarından geniş istifadə edərək dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda pul vəsaitini ələ keçirən bu cür mütəşəkkil cinayətkar dəstənin üzvlərini ifşa ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Sənaye sahəsində 6,2 milyard manatlıq investisiya, 9500 yeni iş yeri


Belə ki, “OCOS” adlı şirkəti Azərbaycana gətirən dələduzlar internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər.

Qeyd edək ki, şəbəkənin başında duran iki şəxsdən biri olan Xəyal Yaxyayev əvvəllər də oxşar əməlinə görə istintaqa cəlb olunub.
 

Adı çəkilən şəxs 2019-cu ildə “İnvestland” adlı layihəsi ilə minlərlə insanı oxşar yolla aldatmağa nail olub.


“Piramida”nın tarixi

İlk dəfə 1920-ci ildə ABŞ-da meydana çıxan bu sistem Çarlz Ponzinin adı ilə bağlıdır. Ponzi poçt markaları vasitəsilə öz piramidasını yaradaraq, 10 min nəfəri aldatmağı bacarmışdı. Sonrakı dövrlərdə isə, Ponzinin bu hiyləsi başqa ölkələrdə müxtəlif adlar altında tətbiq olunmağa başladı.

Ümumilikdə, sistemin işləmə mexanizmi bəsit formada bu cürdür:

İlk olaraq, şirkət sizə investisiya qoymağınız müqabilində müəyyən faizdə gəlir təklif edir. Tək şərt özünüzlə bərabər başqalarını da gətirməkdir. Siz pulu qoyursunuz, sizə vəd edilən yüksək faiz isə gətirdiyiniz insanların qoyduğu pulla ödənilir. Onların faizləri isə gətirdikləri adamların... və beləcə davam edir. Əslində, model gəlirlidir və uzun müddətdə böyük pullar qazanmaq mümkündür.

Lakin piramida sisteminin bir problemi var:

İnsanların sayı limitlidir. Yəni bir müddət sonra, ölkədəki, hətta dünyadakı hər kəs sistemə daxil olsa belə, bir yerdə dayanacaq və gəlir kəsiləcək. Son gələnlərin vəd olunan faizi ödənilə bilməyəcək. Riyazi cəhətdən isə, son gələnlərin sayı dəhşətli dərəcədə çox ola bilər.

Əvvəlki dövrlərdə “səadət zəncirləri” hər hansı məhsulların dəfələrlə baha qiymətə satılması vasitəsilə təşkil olunurdusa, indi fırıldaqçılar yeni və müasir metodlardan istifadə etməyə başlayıblar. Belə ki, Türkiyədə “Çiftlik bank”, Azərbaycanda isə “İnvestland” adlı piramidalar bu və ya digər kriptovalyutaya edilən yatırımlar vasitəsilə insanları yüksək qazanc əldə etməyə inandırırdı.

Bu cür fırıldaqçıların hər dəfə eyni məzmunu başqa formada təqdim edərək, minlərlə insanı aldada bilməsinin səbəbləri isə müxtəlifdir:

İlk növbədə, insanların çalışmadan qısa müddətdə varlanmaq hərisliyi.

İkincisi, bu “biznes sahəsi”nin heç bir xüsusi bilik və bacarıq tələb etməsi.

Üçüncüsü, insanları piramida halqasına çevirən şəxslərin əksər hallarda onların güvəndikləri, qohum-tanışları olması.

Dördüncüsü isə, ilk mərhələlərdə ciddi qazancın əldə edən şəxslərin “su gələn arxa, birdə gələr” düşüncəsi ilə daha yüksək məbləğdə yatırımlar etməyə davam etməsi.

Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə “Piramida” şəbəkəsi qurmaq qanunla qadağan edilib.
 

Lakin Azərbaycanın timsalında əksər inkişaf etməkdə olan ölkələrdə bu cür fırıldaqçılığa qarşı preventiv tədbirlərin görülməsi üçün qanunvericilikdə hər hansı müddəa öz əksini tapmayıb. 


Bu səbəbdən də, sizə qısa müddətdə çalışmadan və risksiz milyoner ola biləcəyinizi təklif edən “Ponzinin davamçıları”ndan uzaq qaçmaq dələduzluqdan qorunmaq üçün ən təsirli metoddur.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin