Xəbər verdiyimiz kimi, ötən gün Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.
Ülvi İsgəndərovun atası İsfəndiyar İsgəndərov Bizim.Media-ya açıqlamasında oğlunun intihar səbəbindən danışıb.
MÖVZU İLƏ BAĞLI:
Ağdaş sakini intihar etdi
Onun sözlərinə görə oğlu 1 ildən çox idi ki, iş tapa bilmirdi. Müraciət etdiyi yerlərdən isə üzünə qapılar bağlanırdı:
“Nə deyə bilərəm. Çox ağırdır. Oğlumun narahatlığı işsizlik idi. Müraciət etmədiyi yer qalmamışdı. Ağlımıza gətirməzdik ki, belə bir addım atar. Aprel döyüşlərində və 44 günlük müharibədə qəhrəmanlıq göstərən bir oğulun sonunu ifadə etmək çətindir”, - deyə ata qeyd edib.
Ülvi İsgəndərovun yaxını, dostu Royal Əliyev isə bildirib ki, qazi döyüşlərdə göstərdiyi şücaətə görə heç bir medal ala bilmədiyindən də gileylənirdi:
“Problemi işsizlik və medal ala bilməməsi idi. Anası müəllimim olub. Elə bir ailənin gül balasının intiharına hələ də inanmırıq. Uzun savaş keçən, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan döyüşlərində qəhrəmanlıq göstərən bir adama medal verilməmişdi. Özü də şikayətlənirdi. Deyirdi medal üçün hara üz tutubsa, ondan “hörmət” istəyiblər”. Yalnız Qubadlıya görə medal veriləcəyi vədi verilmişdi. Ora-bura sənəd və pul dalınca qaçırdı”.
Röyal Əliyev bildirib ki, qazi müharibəyə getməmişdən əvvəl Bakıdakı şirkətlərdən birində mühafizəçi işləyib. Müharibədən qayıdandan sonra isə onu işə götürməyiblər:
“Valideynlərdən pul almağa bezmişdi. Bir müddət doğulduğu Yuxarı Ləki kəndində yanacaqdoldurma məntəqəsində çalışdı. Orada utandığından Qarabağa işləməyə getdi. Sonra həmin işdən də onu çıxartdılar və kor-peşiman evinə qayıtdı. İşsiz qalınca, bir iki yerə də baş vurdu, amma üzünə qapılar bağlandı. Haqsızlığa dözmürdü.Ucaboy, qüvvətli və ağır döyüşlərdə iştirak etmiş bir gəncə heç kəs dəstək olmadı. Kimsə ziyarətinə gəlmədi, dərdinə şərik çıxmadı. Ortalarda boynu bükük qaldı. Bildiyim qədər sonuncu dəfə hansısa sənədləşmə işi ilə bağlı valideynlərindən 200 manat alıbmış. Son vaxtlara qədər maddi sıxıntısı və problemləri var idi”.
Qeyd edək ki, Ağdaş rayonun Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı, 1997-ci il təvəllüdlü Ülvi İsgəndərovun yaşadığı evdə intihar etməsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media