44 günlük Vətən savaşının başa çatmasından sonra Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsi gündəmə gəlib. Xüsusilə də, 30 ilə yaxın davam edən işğalın ardından Şərqi Zəngəzur iqtisadi rayonun Ermənistanla sərhəd bölgələrində dəqiqləşdirməyə xüsusi ehtiyac yaranıb.
Ona görə ki, işğal dönəmində faktiki olaraq Ermənistanın nəzarətində olan bölgələrdə sərhəd xəttinin mövcudluğu xüsusi bir əhəmiyyət kəsb etmirdi.
Lakin münaqişənin başa çatmasından sonra Azərbaycan sərhəd bölgələrində nəzarəti bərqərar etməyə başladı. Ələxsus da, Laçın və Kəlbəcər rayonu ərazilərində relyef və qış aylarındakı çətin hava şərtləri yalnız yazın son ayında delimitasiya işlərinə start verməyə imkan verirdi.
MÖVZU İLƏ BAĞLI:
Zəngəzur dəhlizi ilə bağlı danışıqların İLKİN 7 BƏNDİ – Sərhəd məsələsi həll edilib?
Azərbaycan tərəfi də, məhz may ayından başlayaraq, sözügedən ərazilərdə delimitasiya işlərinə start verdi. Lakin Qaragöl ətrafında ordumuz tərəfindən aparılan işlər Ermənistan tərəfinin ciddi narazılığına səbəb oldu.
Azərbaycana qaytarılacaq ərazilər
Əsas qeyd edilməli məqam isə, Azərbaycanın mənbə olaraq 1975-ci ilin SSRİ xəritələrindən istifadə etməsidir. Ermənistan isə, həmin xəritələrin hüquqiliyini qəbul etmək istəmir. Bundan əlavə, Rusiya tərəfindən hər hansı rəsmi açıqlama verilməsə də, Kremlə yaxın mənbələr, Moskvanın delimitasiya işlərini məhz 1975-ci ilin xəritələri əsasında aparılmasından yana olduğunu qeyd edirlər.
Azərbaycanın 1975-ci ilin xəritələrindən istifadənin lehinə olmasının isə 2 səbəbi var:
1. Həmin xəritəyə görə, Azərbaycan ərazisi 86,6 kv.km deyil, 87,1 kv.km-dir.
2. Hal-hazırda Ermənistan ərazisi kimi təqdim olunan bir sıra strateji əhəmiyyətə malik bölgələr, Azərbaycana verilməlidir.
Qeyd etdiyimiz kimi, 1975-ci ilin xəritəsinə görə Azərbaycan ərazisi indikindən 0,5 kv.km böyükdür. Həmin ərazi isə, müxtəlif vaxtlarda ermənilərin otlaq və əkin yeri kimi istfadə etmək adı ilə sonrada özününküləşdirdiyi ərazilərdir.
Eyni zamanda həmin xəritələrə nəzər yetirdikdə görə bilərik ki, Qazaxın eksklav hesab olunan 7 kəndi, eyni zamanda Naxçıvanın Kərki kəndi birbaşa olaraq Azərbaycana birləşik formada təsvir olunub. Yəni, delimitasiya prosesinin 1975-ci ilin xəritələrinə əsasən aparılması həmin kəndlərin ətraf ərazilərinin də Azərbaycana geri qaytarılması deməkdir.
Digər önəmli nüans, delimitasiya tədbirlərinin 1975-cil xəritələrinə əsasən aparılacağı təqdirdə, Qazaxın 7 kəndi və Kərkidə təhlükəsizliyin təmin olunması üçün, hər hansı 3-cü ölkələrin hərbi qüvvəsinə ehtiyacın qalmamasıdır.
Ermənilər niyə 1991-ci il xəritələrini arzulayır?
Ermənistan tərəfi isə, 1991-ci ildə, SSRİ dağıldıqdan sonra təsdiqlənmiş xəritələrə uyğun olaraq delimitasiyanın aparılmasını istəyir. Lakin həmin xəritələrdə Azərbaycan ərazisinin 0,5 kv.km hissəsi “yeyilib”. Bunun əsas səbəbi isə, o dövrki Azərbaycan hakimiyyətinin məsələyə laqeyd yanaşaraq, bu cür önəmli nüansa diqqət yetirməməsidir.
Buna görə də, 1992-ci ilin 2 martında Azərbaycan BMT-ə üzv qəbul olunarkən Azərbaycan ərazisi məhz 1991-ci ilin xəritələrinə uyğun şəkildə qeydə alınıb.
İndi isə Azərbaycan müharibənin qalib tərəfi kimi, öz maraqlarına uyğun tələblərlə çıxış edərək, öz tarixi ərazi bütövlüyünü təmin edə bilər.
Murad Əhmədov, Bizim.Media