Azərbaycanlı politoloq Ceyhun Osmanlının müəllifi olduğu "Azərbaycanla Ermənistan arasındakı ən son döyüş niyə baş verdi?” başlıqlı analitik məqalə Avropanın Modern Diplomacy Düşüncə Mərkəzi və eyni adlı jurnalı tərəfindən dərc edilmişdir.
Məqalənin tərcüməsini təqdim edirik:
Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başlamışdır. 44 gün davam edən və ‘Vətən Müharibəsi’ olaraq adlandırılan bu müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Nəticədə Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Azərbaycan 2020-ci il dekabr ayının 1-də öz ərazi bütövlüyünü bərpa etmişdir. 44-günlük müharibə Azərbaycanın işğal olunmuş ərazilərinin uzun müddətdir davam edən işğalına son qoymuş və bu ərazilər üzərində Azərbaycanın suverenliyini bərpa etmişdir. Ancaq o vaxtdan bəri üçtərəfli bəyanatda yer alan öhdəliklərin həyata keçirilməsi üçün zaman-zaman problemlər ortaya çıxmışdır. Belə ki, Ermənistanın mövcud stabil vəziyyəti pozmağa cəhd edərək üçtərəfli bəyanatının müddəasını pozması nəticəsində tərəflər bir neçə dəfə hərbi qarşıdurma ilə üzləşmişlər.
Ermənistan silahlı qüvvələrinin noyabrın 16-da saat 11:00 radələrində Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında sərhəd qoşunlarının mövqelərini intensiv atəşə tutması ilə başlayan son təxribat tərəflər arasında yuxarıda qeyd olunan üçtərəfli bəyanatın imzalanmasından bəri ən ağır toqquşmaya səbəb olmuşdur. Kəlbəcər və Laçın rayonları istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələri dərhal fövqəladə əməliyyat keçirərək Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını alsalar da, hər iki tərəf hərbi qulluqçuların həyatlarını itirməsi ilə üzləşmişdir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 16-da baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olmuş, 10 hərbi qulluqçusu isə yaralanmışdır. Qarşı tərəfin itkiləri barədə rəsmi məlumat olmasa da, 20-dən çox ölən və 20-yə yaxın yaralının olduğu təxmin edilir.
Bu qarşıdurma, münaqişə dövründə Ermənistanın digər bir tərəfdarı və Azərbaycanı öz əzəli düşməni olan İsraillə yaxın münasibətdə olduğu üçün günahlandıran İranın iki ölkə sərhədi yaxınlığında iri hərbi təlimləri və təhdid edici qeyri-müəyyən hərəkətləri, Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın Azərbaycan ərazisinə qanunsuz səfəri, Laçındakı Azərbaycan Ordusunun mövqelərinə gedən yolda erməni qüvvələrinin toplaşması, Ermənistanın mülki vətəndaşı tərəfindən Şuşa şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsinə "partlayıcı qurğu” atılması, habelə Ermənistanın Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarında yerləşən mövqelərini intensiv atəşə tutması kimi son günlərdə baş verən müxtəlif hadisələr kontekstində analiz edilməlidir.
Bütün bunları nəzərə alaraq, son qanlı döyüşlərin niyə baş verməsi ilə bağlı aşağıda verilmiş bəzi arqument və ssenarilər ortaya çıxır:
- Ermənistan problemi beynəlxalq müstəviyə çıxarmaq istəyir. Sirr deyil ki, İkinci Qarabağ Müharibəsi başlayan gündən Ermənistan tərəfi Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsini beynəlxalq müstəviyə çıxarmaq üçün bütün vasitələrə əl atmışdır. Bu səbəbdən Ermənistan Rusiyaya və özünün "qərbdəki havadarlarına” dəfələrlə müraciət etmişdir. Bu müddət ərzində hər mənada siyasi, mənəvi və hərbi dəstək almasına baxmayaraq, Ermənistan Rusiyadan birbaşa müdaxilə edərək qondarma Dağlıq Qarabağ respublikasının təhlükəsizliyinə təminat verməsini istəyirdi. Lakin Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyat onun beynəlxalq səviyyədə tanınmış ərazisində aparılırdı və Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, öz ərazilərini azad etmək qanuni hüququ var idi. Məhz buna görə də Azərbaycan tərəfi bütün "üçüncü tərəfləri” Azərbaycanla Ermənistan arasındakı problemə qarışmaqdan çəkinməyə çağırmışdı.
Lakin bu yaxınlarda Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş toqquşma zamanı Ermənistan dəqiq yerini göstərmədən məqsədli şəkildə toqquşmanın Ermənistan ərazisində baş verdiyini bildirmişdir.
Ona görə də, Ermənistan tərəfi Rusiyaya müdaxilə edərək, Ermənistanın ərazi suverenliyini müdafiə etməsi üçün rəsmi müraciət etmişdir. "İnterfaks” agentliyinin məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan noyabrın 16-da Ermənistan İctimai Televiziyasının efirindəki çıxışı zamanı, "Azərbaycanın Ermənistanın suveren ərazisinə hücumunu nəzərə alaraq, Rusiyanı 1997-ci il dövlətlərarası müqavilə və mövcud müqavilənin məntiqi çərçivəsində qarşılıqlı öhdəlikləri yerinə yetirərək Ermənistanın ərazi bütövlüyünü müdafiə etməyə çağırdıqlarını” deyib.
Bundan başqa, Eurasianet-in məlumatına görə, bu münasibətlə erməni jurnalist Tatul Akopyan yazıb ki, "bir halda ki, Azərbaycan Ermənistanın suveren ərazisinə müntəzəm və açıq şəkildə müdaxilələr edir, niyə KTMT və Rusiya İrəvan qarşısında müttəfiqlik öhdəliklərinə məhəl qoymurlar. Rusiyanın bundan sonra səssiz qalmayacağı qırmızı xətlər hansılardır, əgər elə bir xətt varsa?”
Qeyd etmək lazımdır ki, ikitərəfli qaydada və həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsində qeyd olunduğu kimi, Rusiya hər hansı üçüncü tərəfin Ermənistana hücumu halında Ermənistanın müdafiəsi üçün hərbi müdaxilə etmək öhdəliyi daşıyır.
Bundan başqa, Ermənistan eyni zamanda 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrinin "soyqırım” kimi tanınması istiqamətində aparılan "müqəddəs müharibə”də özünü Ermənistanın ən güclü dəstəkçisi kimi göstərmiş Fransa vasitəsilə qərbli müttəfiqlərinin diqqətini münaqişəyə cəlb etməyə çalışır.
- 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin demarkasiyası ərəfəsində Ermənistan hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri və eləcə də, daha sərfəli və strateji mövqelər ələ keçirərək hərbi üstünlük əldə etmək və üstəlik danışıqlar masasında siyasi təsir imkanları qazanmaq üçün Azərbaycana qarşı genişmiqyaslı təxribatlara və hərbi əməliyyatlara başlayıblar.
- 2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatın ildönümü ərəfəsində Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlı qüvvələrinin regionda sülhün qorunması üçün mövqe tutduğu Azərbaycan ərazilərinə qanunsuz və icazəsiz səfəri, qondarma Dağlıq Qarabağ respublikasının "rəsmi şəxsləri” ilə müxtəlif görüşlər keçirməsi, onların Azərbaycanla yeni müharibəyə hazır olmaları ilə bağlı fikirlərini ifadə etməsi kimi hadisələr göstərir ki, revanşist ideyalarla qidalanan Ermənistanın siyasi və hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını qəsdən pozuraraq regionda sabitliyi pozmağa və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmağa çalışır.
2021-ci il noyabrın 16-da baş vermiş son toqquşma Ermənistanın siyasi və hərbi rəhbərliyinin bu siyasətinin məntiqi davamı idi.
- Ermənistan cəmiyyətində xaos və siyasi qeyri-sabitlik hökm sürür və Paşinyan hökumət və digər milli təhlükəsizlik institutları üzərində tam nəzarətə malik deyil. Bu yaxınlarda keçmiş müdafiə naziri Arşak Karapetyanın Azərbaycan ərazilərinə icazəsiz səfəri, bəyanatlar verməsi və Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində hərbi təxribatları pozması prosesin sabitliyini pozmaq üçün Karapetyanın şəxsi təşəbbüsü ola bilər.
- Siyasi qeyri-sabitlik və hərbi eskalasiya Ermənistandakı bəzi qruplar və siyasi müxalifət üçün Paşinyanı hakimiyyətdən salmaq istiqamətində faydalı ola bilər. Belə ki, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son toqquşmadan sonra Ermənistandakı siyasi müxalifət Paşinyan və onun hökumətini istefaya çağırıb. Bununla bağlı Eurasianet-in məlumatına görə, Ermənistan parlamentində əsas müxalifət fraksiyası olan Ermənistan Alyansının bəyanatında deyilir ki, "Nikol Paşinyan hökuməti itkilər, ərazi itkiləri, parçalanma və xaos gətirir. Bu vəziyyətdən çıxmanın ən qəti yolu bu hakimiyyətin getməsidir. Nikol Paşinyanın istefasından sonra bütün mümkün qüvvələrin birləşməsi və yeni hökumətin formalaşdırılması lazımdır”. Bundan əlavə, sənədli film rejissoru və Paşinyanın əsas tənqidçilərindən olan Hovhannes İsxanyan Facebook hesabında "Kafelərə, restoranlara, kinoteatrlara gedin və hamını türk agentlərini [Ermənistan hökuməti üçün ortaq epitet] Ermənistandan çıxarmağa çağırın” -yazaraq, müxalifəti hökuməti devirməyə çağırıb.
- Sərhəddəki son toqquşmaya görə Azərbaycanı ittiham etməsinə baxmayaraq, Paşinyan müdafiə naziri Arşak Karapetyanı istefaya göndərib və bu vəzifəyə müavini Suren Papikyanı təyin edib. Paşinyanın bu təyinatı düşünməyə əsas verir ki, o Ermənistanın əvvəlki hakimiyyətlərinin siyasi-hərbi xuntasından qurtulmaq və Ermənistanda yüksək vəzifələrə loyal şəxsləri təyin etməklə sadəcə orduda deyil, bütün cəmiyyətdə nəzarəti öz əlinə almaq istəyir və sərhəddəki son gərginlik onun bu planı üçün əlverişli şərait yaratmışdır. Paşinyan digər hərbi qulluqçuları da öz vəzifələrini yerinə yetirməməkdə və icra etməməkdə ittiham edərək, daha sərt hərbi islahatlara gedəcəkdir.
Nəticədə Paşinyanın siyasi proqramına müqavimət göstərən bir çox yüksək rütbəli zabitlər Ermənistan ordusundan qovulacaqlar.
- Paşinyanın tərəflər arasında atəşkəsdən dərhal sonra "ermənilərin sülh müqaviləsi bağlamaq təklifi” ilə bağlı bəyanatı onun "sülh müqaviləsi imzalamağa həvəsli” olduğunu göstərir, lakin daxili vəziyyəti qiymətləndirmək və cəmiyyəti yekun sülhə hazırlamağın vacibliyini də ön planda tutur. Paşinyan bilirdi ki, sərhəddə istənilən təxribat və Azərbaycan Ordusuna qarşı hərbi əməliyyat Ermənistan üçün ciddi itkilərlə nəticələnəcək. O, bu hərəkətlə Ermənistan cəmiyyətinə göstərməyə çalışdı ki, bu fəsad və itkilərin səbəbkarları müharibə istəyənlər və sülh sazişinə qarşı çıxanlardır və daimi sülh olmadan regionda gələcək yoxdur. Bununla bağlı Eurasianet yazır ki, Ermənistan rəsmiləri "yeni müqavilənin müsbət cəhətlərini vurğulayaraq ermənilərə bu müqavilənin yeni ticarət yollarından əldə ediləcək iqtisadi qazancları və nəhayət qonşuları ilə sülh şəraitində yaşamaq kimi potensial faydalarını aşılamağa çalışırlar”. Bundan əlavə, Eurasianet-ə görə, noyabrın 7-də ictimai televiziyaya müsahibə verən Paşinyan deyib ki:
"Biz dinc inkişaf erasının açılması gündəliyini qəbul etmişik... Biz növbədənkənar parlament seçkiləri nəticəsində bu dövrü açmaq mandatını xalqımızdan almışıq”.
- Paşinyan Ermənistan cəmiyyətində Rusiyaya olan inamı qırmaq istəyir. Məlumdur ki, Paşinyan Rusiyanın erməni cəmiyyətində hər mənada belə güclü təsirini tənqid edənlərdən biri olmuş və hakimiyyətə gəlməmişdən əvvəl və vəzifəsinin ilk günlərində həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığına qarşı çıxmışdır. Beləliklə, bu toqquşmada Paşinyan Rusiyanın vəziyyətə hərbi müdaxilə etməyəcəyini, əksinə, onu siyasi yolla həll etməyə çalışacağını bilə-bilə, məqsədli şəkildə Rusiyanı Ermənistanın ərazi suverenliyini müdafiə etmək üçün müdaxilə etməyə çağırmışdır. Ermənistanın "belə çətin günündə” Rusiyanın müdaxilə etməməsi Paşinyana erməni cəmiyyətinə Rusiya ilə müttəfiqliyin dəyərli olmadığını və Rusiyanın onların təhlükəsizliliklərinin qarantı olmadığını və gələcəkdə də onları hər hansı bir təhlükədən qorumayacağını göstərmək imkanı verəcək.
- İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanla sərhəd xəttinə nəzarəti bərpa edərək mühafizə tədbirlərinə və Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası işlərinə başlamışdır. Lakin son 10 gündə baş verənlər göstərir ki, Ermənistan tərəfi regionda sülh və təhlükəsizliyin təmin edilməsi, eləcə də sərhədlərin delimitasiyasında istəkli deyil. Bu baxımdan regiona qış gəlməmiş Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşdırılmış xəritəyə uyğun olaraq sərhədin hansısa nöqtəsində mövqelərini irəlilədir ki, bu da ümumən sərhəd xəttinin delimitasiyası və demarkasiyasından narazı olan və Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribatlara başlayan Ermənistan tərəfinin hərbi müqaviməti ilə qarşılaşmasına səbəb olur.
- Ermənistan tərəfinin Azərbaycan Silahlı Qüvvələrinə qarşı sərhəddə həyata keçirtdiyi hər bir cəhd və təxribat Azərbaycan tərəfindən məqsədyönlü şəkildə "sülhə məcburetmə əməliyyatı” kimi istifadə olunur. Məlumdur ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin keçirtdiyi hərbi əməliyyatlar Ermənistan tərəfini Azərbaycan ərazilərini azad etməyə və hərbi qüvvələrini könüllü olaraq geri çəkməyə məcbur etmək məqsədilə məqsədyönlü olaraq sülhə məcburetmə əməliyyat kimi həyata keçirilib. Bu aktın məntiqi nəticəsi kimi Azərbaycan 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanat nəticəsində ərazilərinin bir hissəsini hərbi əməliyyatlarla, qalan hissəsini isə siyasi yolla azad etməyə nail olmuşdur. Azərbaycanın üçtərəfli bəyanata uyğun olaraq öz ərazilərini geri qaytarmasına baxmayaraq, bəyanatda yer alan digər məsələlərin həllinin hələ də açıq qaldığı və Ermənistan tərəfinin hər cür bəhanələrə əl ataraq üçtərəfli bəyanatda öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən geri çəkildiyi bildirilir. Məhz buna görə də son günlər Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında Ermənistan tərəfinin təxribatı ilə başlamış döyüşlər Azərbaycan tərəfinin güc tətbiq etməklə növbəti sülhə məcburetmə əməliyyatını həyata keçirərək, Ermənistanı razılaşmaya sövq etmək və ona danışıqlara geri qayıdaraq masaya oturmaqdan və öhdəlikləri yerinə yetirməkdən başqa alternativinin olmadığını göstərmək üçün təzyiq kimi qiymətləndirilə bilər. Bu baxımdan Ermənistanın təhrik etdiyi son toqquşmada məqsəd müqavilə bağlamaqdan imtina edən Paşinyanı rasional addım atmağa sövq etmək ola bilər. Döyüşlərdən sonra Ermənistan rəsmilərinin sülh və demarkasiya xətti ilə bağlı son bəyanatları Azərbaycanın bu sülhə məcburetmə siyasətinin məntiqi nəticəsi sayıla bilər.
- Qeyd etmək vacibdir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan regionun daha böyük nəqliyyat layihələrinin önünün açılması kontekstində Azərbaycan və Naxçıvan arasında Azərbaycan tərəfindən "Zəngəzur dəhlizi” adlandırılan və Ermənistanın cənub ərazilərindən keçəcək dəmir yolu və avtomobil yolunun açılmasında öhdəlik daşıyır. Bu, nəinki Azərbaycanla Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında əlaqəni təmin edəcək, həm də Çin və Avropa arasında hər şeyin rahatlıqla daşınmasına gətirib çıxaracaqdır.
Azərbaycanın həmsərhəd rayonlarında baş verən son təxribatlar birincisi dəhlizin Azərbaycanın nəzarəti altında olan Ermənistan ərazisindən keçməsinə qarşı çıxanların, ikincisi Asiya ilə Avropa arasında yeni quru əlaqə və nəqliyyat xəttinə qarşı olanların düşünülmüş hərəkəti ola bilər.
İrəli sürülən bu arqumentlərin hər hansı əsası olub-olmamasından asılı olmayaraq, tərəflər arasında insan tələfatı ilə nəticələnən son döyüşlər regionda daimi sülh və firəvan gələcək naminə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ problemi ilə bağlı məsələlərin hərtərəfli və davamlı həllinin zəruriliyini önə çəkmişdir. (Sfera.az)
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:48 / 19.11.2021
Avropanın nüfuzlu düşüncə mərkəzi və jurnalı Ermənistan-Azərbaycan sərhədindəki döyüşlərdən yazdı
Hazırda oxunan: Avropanın nüfuzlu düşüncə mərkəzi və jurnalı Ermənistan-Azərbaycan sərhədindəki döyüşlərdən yazdı
Hazırda oxunan: Avropanın nüfuzlu düşüncə mərkəzi və jurnalı Ermənistan-Azərbaycan sərhədindəki döyüşlərdən yazdı
46778
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.