Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən və mağazadan oğurluq edən şəxslər saxlanılıb.
Bizim.Media xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Şabanlı kənd sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyev saxlanılıb.
Onun həmin evdən 4000 manat pul, əlavə olaraq 2800 manat dəyərində qızıl-zinət əşyaları və bank kartı oğurladığı müəyyən edilib.
Həmçinin, rayonun Qarazəncir kəndi ərazisindəki mağazadan oğurluq edən şəxslər də saxlanılıb. Onlar gecə saatlarında həmin mağazadan 1 ədəd notbuk, 900 manat dəyərində tütün məmulatları, 300 manat pul və 1 ədəd qol saatı oğurlayıblar.
Oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Mətləb Verdiyev və Elbrus Bağırov barəsində hüquqi tədbirlər görülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Bizim.Media