“Bir sıra hallarda vətəndaşlar kifayət qədər yüksək əmək haqqısı olan sektorda (məsələn, neft, maliyyə və s.) çalışır və nisbətən böyük pensiya kapitalına malik olur. Amma pensiya kapitalından istifadə etmək üçün pensiya yaşını (hazırda kişilər üçün 65, qadınlar üçün 62 il 6 ay) gözləmək məcburiyyətində qalır. Təklifim isə həmin şəxslərə vaxtından əvvəl pensiya çıxmaq hüququnun verilməsi və onların öz kapitallarından daha uzun müddət istifadə imkanlarının tanıdılmasıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı-deputat Vüqar Bayramov “Facebook” hesabında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Pensiyalar artacaq – Sahil Babayev zamanı açıqladı
O, vaxtından əvvəl pensiyaya çıxmağın mümkünlüyü məsələsini belə şərh edib:
“Beynəlxalq praktikada pensiya yaşı tamam olmadan bu hüquqdan istifadə imkanları var. Bəzi ölkələrdə bu hətta pensiya kapitalına bağlanır. Orta pensiya kapitalından çox yığımları olanlar artıq vəsaitini öncədən almaq hüququna malik olurlar və bu zaman extra (artıq) yığılmış vəsait aylar üzrə hesablanmaqla vətəndaşa qaytarılır. Məsələn, ABŞ-da pensiya kapitalı çox olanlar daha tez müraciət edib pensiya alma imkanına malik olurlar. Digər metod isə pensiyada olan ayların sayının azaldılması və artırılması ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələ ilə bağlı artıq müzakirələr aparılır. Bu daha çox minimum pensiya kapitalı yığmış vətəndaşlara tətbiq edilə bilər”.
Deputatın sözlərinə görə mövcud qaydalara əsasən, 144 ay orta pensiya müddəti kimi götürülür:
“Yəni 12 il x 12 ay = 144 ay. Amma əgər təklif qəbul olunarsa, o zaman vətəndaş 65 yox, 60 yaşda pensiyaya çıxmaq istəyirsə, 144 deyil, bu halda həmin beş il üçün nəzərdə tutulan 144-ün üzərinə (5x12) 60 ay gələcək. Yığılmış pensiya kapitalı 204 aya bölünəcək. Bu imkan verə bilər ki, vətəndaş 5 il tez, yəni 60 yaşında pensiyaya çıxsın. Amma bu halda yığım 144-ə yox, 204-ə bölünməklə aylıq pensiya məbləği müəyyənləşə bilər”- deyə Vüqar Bayramov əlavə edib.
Qeyd edək ki, Vüqar Bayramov Milli Məclisdə komitə büdcə müzakirələri zamanı vaxtından əvvəl pensiya çıxmq hüququnun verilməsi ilə bağlı təklifi irəli sürüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə müzakirələrin davam etdiriləcəyini bəyan edib. Görünən odur ki, Azərbaycanda pensiya yaşı tamam olmadan pensiyaya çıxmaq imkanı reallaşa bilər.
Alçina Amilqızı, Bizim.Media