“Heç nədən xəbərim yoxdur. O evlərin necə, neçəyə tikildiyini, təmir olunduğunu bilmirəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar inşa etmiş "Portos" MMC-nin direktoru olan Ədalət Vəliyev səsləndirib.
O, latın qrafikasıyla yazıb-oxuya bilmədiyini və kabineti olmadığını bildirib:
“Gəlmişəm, mühasib nəyə deyibsə, ona qol çəkib getmişəm. Heç bilməmişəm ki, nə sənədlərdir”.
MÖVZU İLƏ BAĞLI:
Vüqar Səfərlinin məhkəməsində dava düşdü: "Kişiliyin olsun, düzünü danış"
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 11 il rəhbərlik etmiş Vüqar Səfərli və daha 10 nəfərin mühakimə olunduğu cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biri də Vəliyevdir. Bu cinayət işində 20 milyondan artıq yeyintidən söhbət gedir. Jurnalistlər üçün təkcə iki binanın tikintisində 16 milyon 928 min manatdan artıq büdcə vəsaitinin mənimsənildiyi iddia olunur.
Binaların inşası və təmiri zamanı layihədə bahalı materiallar göstərildiyi halda, gerçəkdə daha ucuz və keyfiyyətsiz avadanlıqlardan istifadə olunduğu, iş həcminin şişirdildiyi bildirilir.
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Hazırda təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsidir. Noyabrın 11-də məhkəmədə ifadə verən Vəliyev bildirib ki, 2017-ci ildən təsisçi onu şirkətə direktor təyin edib.
Onun sözlərinə görə, uzun müddət şirkətin direktoru olsa da, hər ay 501 manat olmaqla, cəmi iki ay maaş alıb:
"Mənim nə ayrılan pullardan xəbərim olub, nə də görülən işlərdən. Gedib bir dənə qol çəkib çıxmışam, vəssalam. Heç maaş da almamışam. Cəmi iki ayın maaşını almışam, ondan başqa pul görməmişəm".
İş materiallarına əsasən, yeyinti nəticəsində dövlətə, eləcə də KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna dəymiş ziyanın bir hissəsi ödənilib. Təqsirləndirilən şəxslərin bir neçəsi müəyyən qədər vəsait ödəyib. Səfərli və ailə üzvlərinin xeyli əmlakı üzərinə həbs qoyulub.
Məhkəmədə məlum olub ki, Vəliyev 1 milyon manat nağd pul və 32 milyonluq binanı ziyanın əvəzi olaraq istintaq zamanı təqdim edib. Digər təqsirləndirilən şəxslərin vəkilləri ondan soruşub ki, əgər onun heç bir qazancı olmayıb, hətta işlədiyi müddətdə normal qaydada maaş belə almayıbsa, niyə o qədər vəsaiti ödəyib? Başqa bir sual da belə olub ki, həmin pul və əmlaklar ona haradan idi? Yox, əgər özü ödəməyibsə, sadəcə, onun adından ödənilibsə, həmin şəxs kim olub?
Vəkillər ondan sözügedən binanın harada yerləşdiyini soruşsa da, Vəliyev əmlakın yerini deyə bilməyib: "Harada yerləşdiyini bilmirəm".
Bu cinayət işindəki 11 təqsirləndirilən şəxsdən yalnız ikisi – Vüqar Səfərli və "Portos" MMC-nin Vəliyevdən öncə direktoru olmuş Nadir Məmmədov həbsdədir.
Vəliyev dindirilərkən onun danışdıqları Məmmədovu qəzəbləndirib: "Vicdanın olsun, kişi kimi danış, yalan danışma. Nağıl danışırsan burada. Qarabağ müharibəsi veteranıyam, 40 il işləmişəm, adi maşınım yoxdur. Sən 32 milyonu haradan ödəmisən? 63 yaşım var, səkkiz aydır buradayam, ölürəm, Allahın olsun, düzünü danış...".
Məhkəmə araşdırmaları davam edir.
Qeyd edək ki, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun sağ əli olan Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. 2021-ci ilin yanvarında həbs olunan Səfərli və daha 10 nəfərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Bizim.Media