Rus balası Şəhid Dimanın bacısı qanuna tabe olub ac qalsın, YOXSA…- Rəsmi CAVAB

Hazırda oxunan: Rus balası Şəhid Dimanın bacısı qanuna tabe olub ac qalsın, YOXSA…- Rəsmi CAVAB

45838

Vətən müharibəsində qəhrəmanlıq göstərən Solntsev Dmitri Aleksandroviçin bacısı Solntseva Yuliya Aleksandrovna şəhid ailəsi statusunu ala bilmir.

Bizim.Media-ya müraciət edən Yuliya bildirib ki, o, özü ağır şəkər xəstəliyindən əziyyət çəkir. Onun sözlərinə görə, hazırda iki azyaşlı övladı ilə çox acınacaqlı vəziyyətdə yaşayır.

Şəhidin bacısı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də sorğuları nəticəsiz qalıb.
 

“Mənim müraciətlərimə cavab olaraq bildiriblər ki, belə bir məsələ qanunvericilikdə nəzərdə tutulmayıb. Onların sözlərinə görə, şəhidin varisi ancaq onun valideynləri, övladları və həyat yoldaşı ola bilər.


Bilirsiz, bizdə vəziyyət tam başqadır, mən həyat yoldaşımın vəfatından sonra qardaşımla yaşamağa başlamışam və evə məvacibi ancaq o, gətirirdi. Dmitriy könüllü olaraq müharibəyə gedənə qədər, evimizi dolandırırdı. Mənim qardaşımdan başqa heç kəsim yoxdur, bizim heç bir qohumumuz, yaxınımız yoxdur”.

Yuliya bildirib ki, qardaşı Dmitri vətənini çox sevirdi. O, ölkəmizin işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edib. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda qəhrəmancasına həlak olub, ölümündən sonra “Vətən uğrunda”, “Xocənd şəhərinin azad edilməsinə görə” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.
 

“Dmitri nəinki müharibədə, o, pandemiya zamanı da pulsuz olaraq TƏBİB xəstəxanalarında könüllü olaraq, çalışıb. Öz ölkəsinə xəstəliklə mübarizədə xidmət edib. Orada da o, nə qədər insanın həyatını xilas edib”.


Yuliya qardaşının şəhid olduqdan sonra dövlət tərəfindən bütün lazım olan yardımları aldığını da bildirib.

“Dövlət mənə 13.000 manat şəhidlik üçün müavinət ödəyib. Bundan başqa Heydər Əliyev fondu Dmitriyə görə, 10 min manat ödəyib. Maraqlıdır ki, nazirlikdən "Dmitrinin uzaq qohumusunuz, sizə təqaüd düşmür" deyə bildirirlər. Yaxşı, bəs, bu müavinətlər mənə niyə ödənilir?”

Yuliya həmçinin qeyd edib ki, Yaşat Fondu gözlərinin əməliyyatını və  digər müalicələrinə görə bütün ödənişlərini qarşılayıb.

“Onlar hamısı mənim şəhid bacısı olduğumu bilir və mənə lazım olan yardımları edirlər. Lakin mən başa düşə bilmirəm ki, bu niyə qanunvericiliklə təsdiq oluna bilməz? Dmitri mənim və övladlarımın yeganə təminatçısı və dayağı idi”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə mətbuat katibi Fazil Talıbov Bizim.Media-ya açıqlamasında bildirib ki, qanunvericiliyə görə, Yuliya Aleksandrovna şəhid qardaşının varisi sayıla bilməz.

“Şəhid adını əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında qanuna əsasən ər, arvad, valideynlər, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olunmuş 18 yaşdan yuxarı əlil övladları bu kateqoriyaya aiddir və onlar birmənalı varis hesab olunurlar.


Qardaş və bacı haqqında isə qanunvericilikdə yalnız uşaq evlərində tərbiyə olunanlara aiddir. Yəni elə bir vəziyyət olsa, o insan şəhid varisi sayıla bilər. Sadaladıqlarım qanunun tələbidir. Biz Mərkəzi icra hakimiyyəti orqanıyıq. Biz qanunun tələblərini icra edirik və qanunun hansısa müddəasını pozmaq və ya dəyişmək ixtiyarımız yoxdur”. 

Fazil Talıbov həmçinin deyib ki, Yuliya Aleksandrovna şəhid bacısı olduğu üçün nazirlik onun məşğulluğu ilə bağlı tədbirlər görə bilər.

“Biz o xanımı özünüməşğulluq, sağlamlığı izin verirsə, ictimai işlər proqramına cəlb edə bilərik. Müəyyən aktivlik tədbirlərinə cəlb edib, vakansiya bankında olan vakansiyalarla tanış edərək, işə düzəldə bilərik.
 

Beləliklə, onun üçün gəlirlərini ehtiyac meyarına uyğunlaşdırmaq məqsədilə sosial ünvanlı yardım müəyyən edə bilərik. Yəni nazirlik şəhid bacısını sosial müdafiə tədbirlərinə yönəldə bilərik. Əsas odur ki, həmin xanım bizim yerli şöbələrimizə müraciət edib, istəyini bildirsin”. 


Sonda nazirliyin sözcüsü təəssüflə bildirib ki, nazirlik təqaüd məsələsində şəhidin bacısına heç bir köməklik göstərə bilməz.

“11.000 manat şəhid müavinətinə gəldikdə isə bu məbləğ sığorta ödənişidir. Bu məvacib notarial qaydada tətbiq edilir. Bu zaman şəhidin başqa bir vərəsəsi, ailə üzvü yoxdursa, o vəsaitin şəhidin bacısına ödənilməsi qanunauyğundur”.

Vüsalə Balayeva, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin