Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun növbəti oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 8 qarşılaşma gerçəkləşib. Bu matçlardan sonra daha 5 ölkə ən azı pley-offa vəsiqəni təmin edib.
C qrupunda 14 xala malik qrup liderləri - İtaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qrupun digər görüşündə isə Litva səfərdə Şimali İrlandiyaya minimal hesabla uduzub. Bu qrupdan İtaliya və İsveçrə ən azı pley-offda iştirak hüququ əldə edib.
F qrupunda Danimarka seçməsi DÇ-2022-də iştirakı vaxtından əvvət təmin edib. Bununla belə, skandinaviyalılar Farer adaları üzərində inamlı qələbə qazanıblar. Şotlandiya isə Moldova səfərində 3 xal qazanaraq, qrupda ikinci pilləni rəsmiləşdirib.
I qrupunda isə İngiltərə Albaniyanı 5:0 hesabı ilə darmadağın etsə də, mundiala birbaşa vəsiqəni rəsmiləşdirə bilməyib.
Çünki Polşa da Andorra səfərində böyük hesablı qələbəyə nail olub. Bununla belə, İngiltərə və Polşa ilk 2 pilləni təmin edərək, ən azı pley-offa vəsiqə qazanıblar.
Bizim.Media