“Ötən əsrdə dünyada, o cümlədən Azərbaycanda ümumi təhsil məktəblərinin direktorları adətən daha yaradıcı və ya qabaqcıl müəllimlər arasından təyin olunardı. Direktorların işə müsabiqə yolu ilə təyin olunması ilk dəfə keçən əsrin 50-ci illərində ABŞ-da başlandı. Aparılmış tədqiqatların nəticəsində məlum olub ki, heç də yaradıcı və ya qabaqcıl müəllim həmişə uğurlu məktəb direktoru ola bilmir”.
Bizim.Media xəbər verir ki, bu fikirlərlə “Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru Elşən Qafarov “Facebook” hesabında çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Məktəblərdə dezinfeksiya işi gücləndirildi – Təhsil Nazirliyi vəziyyəti NƏZARƏTƏ GÖTÜRDÜ
Onun sözlərinə görə məktəb direktorlarının müsabiqə yolu ilə işə qəbulu prosesi Azərbaycanda 2014-cu ildə Mikayıl Cabbarovun Təhsil naziri olduğu dövrdə başlandı:
“İndiyədək 4 müsabiqə keçirilib. Ölkədə 4432 ümumi təhsil müəssəsi var və keçən 4 il ərzində məktəb direktorlarının ən azı 70%-i yenilənib. Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə direktor vəzifəsinə vakansiya yalnız son iki ildə ( 2019-cu ildə 3 məktəb üzrə, 2020-ci ildə 35 məktəb üzrə ) çıxarılıb. Təhsili idarəetmə qurumlarının son illərdə gördükləri əsas işlərdən biri sadəcə imtahan keçirtmək olub. Biz hələ MİQ, “daimiləşmə” imtahanlarını, “səriştəli metodist”, “ məktəb inspektoru” və s. müxtəlif adlarla keçirilən və aylarla davam edən müsabiqələri demirik. Sual yaranır, bu imtahan və müsabiqələri keçirən qurumlar imtahan yolu ilə təyin etdikləri kadrların sonrakı taleyi ilə maraqlanırlarmı?”
Elşən Qafarov qeyd edib ki, yeni təyinat almış direktor müavinləri təhsil idarəsi tərəfindən məktəblərə təqdim olunmur. Bu isə onların fəaliyyətində çətinliklər yaradır:
“”Gedin təyin olunduğunuz məktəbə deyin ki, biz bu gündən bu məktəbdə direktor müaviniyik” deyə tapşırıqla məktəbə göndərilən həmin müavinlərin əksəriyyəti məktəb direktorları tərəfindən ilk gündən gözümçıxdıya salınıb. Belə direktorlar düşünürlər ki, həmin müavinlər məktəbə təhsil idarəsi tərəfindən “xəfiyyə” kimi göndərilib. Bir çox məktəblərdə məktəb direktorları “ictimai əsaslarla” özlərinə direktor müavini təyin edərək müsabiqə yolu ilə gələn müavinləri işdən faktiki uzaqlaşdırıblar.
Direktor müavinləri üçün nəzərdə tutulmuş otaqlara buraxmırlar. Onları təhqir etməkdən və müəllimlərin yanında aşağılamaqdan belə çəkinmirlər”.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin vəziyyətə nəzarət edə bilməməsindən gileylənən eksper bəzi məktəblərdə direktor özbaşınalıqlarının hökm sürdüyünü önə çəkib:
“Təhsil idarəsində Daxili Nəzarət sektorunun az-çox işini qurmaq istəyən məktəblərə qarşı müxtəlif “əməliyyatlar” keçirtməklə başı qarışıb. Hesab edirəm ki, təhsili idarəetmə orqanlarının əmri ilə məktəbə təyin olunmuş kadrları “qəbul etməyən “ direktorlar ən sərt qaydada cəzalandırılmalı və onlarla bağlı məsələ ictimailəşməlidir. Məktəblinin dostunu görəndə “dovşana”, yeni direktor müavinləri və ya müəllimləri görəndə isə “əjdahaya” çevrilməkdənsə rəhbərlik etdikləri məktəblərdə olan kütləvi nöqsanları aradan qaldırsalar daha yaxşı olar”.
Alçina Amilqızı, Bizim.Media