10 noyabr bəyanatının hansı bəndləri yerinə yetirilməyib? – Fərhad Məmmədovdan ŞƏRH

Hazırda oxunan: 10 noyabr bəyanatının hansı bəndləri yerinə yetirilməyib? – Fərhad Məmmədovdan ŞƏRH

45405

Ötən ilin bu günündə - 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının iştirakı ilə üçtərəfli bəyanata imza atıldı. Belə ki, həmin gün əldə olunan razılaşmaya əsasən Ermənistan tərəfinin hücum cəhdinə cavab olaraq Azərbaycanın başlatdığı və 44 gün davam edən əks-hücum əməliyyatları başa çatdı. Kapitulyasiya aktının imzalanması Ermənistanın tam məğlubiyyətini və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını rəsmiləşdirdi.

Lakin ötən bir il ərzində bəyanatın bir sıra müddəalarının həyata keçirilməməsi ciddi müzakirələrə səbəb oldu. Xüsusilə də, Ermənistan tərəfinin üzərinə götürdüyü bəzi öhdəlikləri hələ də yerinə yetirməməsi səbəbindən bölgədə tam sabitliyin təmin olunmasında ara-sıra bəzi istisna hallar meydana çıxıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ermənistandan keçmiş ərazilərini ala bilərmi? - Tofiq Zülfüqarovdan ÖZƏL


Mövzunu Bizim.Media üçün şərh edən politoloq Fərhad Məmmədov münaqişə ilə bağlı olan müddəların, demək olar ki, yerinə yetirildiyini qeyd edib:

“Əlbəttə, 9 bənddən ibarət olan bu razılaşmanın müddəalarına nəzər salsaq, münaqişə ilə bağlı olan məsələlərin, demək olar ki, reallaşdırıldığını görə bilərik. Ələxsus da, atəşkəsə nail olunması, Cənab Prezidentin müharibə dövründə əsas şərti olan Ermənistan silahlı bölmələrinin Azərbaycan ərazilərindən çıxarılması qrafikinin təqdim olunması şərtlərinə əməl olunub. Bunun nəticəsində Laçın, Kəlbəcər və Ağdam rayonları Azərbaycana təhvil verildi. Lakin hər iki tərəf, postmünaqişə dönəminə aid olan bir bəndi – kommunikasiyaların bərpası istiqamətində hər hansı nəticə əldə edə bilməyib”.

Politoloq bəyanatın müddəlarının yerinə yetirilmə göstəricisinin Azərbaycan və Ermənistan tərəfindən fərqli analiz olunmasına diqqət çəkib:

“Bəyanatda əks olunan 9 bənddən Ermənistan tərəfi dördünün, Azərbaycan isə 2 bəndin reallaşdırılmadığını hesab edir. Belə ki, tərəflər sözügedən bəndlərin ya qismən, ya da ümumiyyətlə həll olunmamasından gileylənirlər. Ümumilikdə həll olunmayan bəndlərə, kommunikasiyaların bərpası məsələsini aid edə bilərik. Qismən təmin olunan müddəa kimi isə, Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin qalıqlarının hələ də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə qalması problemini nümunə göstərir. Ermənistan tərəfi isə, 4 bəndin yerinə yetirilməmədiyini bildirir. Xüusilə də, rəsmi İrəvan kommunikasiyaların bərpası və erməni diversantların Azərbaycan tərəfindən geri qaytarılmaması məsələsini qabardır”.

Fərhad Məmmədov 10 noyabr bəyanatının Azərbaycan üçün yaratdığı müsbət nəticələri isə bu cür sıralayıb:

1. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi.

2. Rəsmi Bakı yeni geosiyasi reallıq yaratdı.

3. Azərbaycan işğaldan azad olunmuş ərazilərin hərbiləşdirilməsi nəticəsində, öz hərbi gücünü bütün dünyaya nümayiş etdirdi.

4. Rəsmi Bakı öz təzyiq mexanizmlərinin sayını, həm də səmərəliliyinin artırılmasına nail oldu. 

5. Artıq heç bir beynəlxalq təşkilat Azərbaycanın icazəsi olmadan 30 il ərzində Ermənistanın işğalında qalan ərazilərə səfər edə bilmir. 

Sonuncu müddəa ilə bağlı isə politoloq “Doğrudur, sözügedən məsələdə Rusiya sülhməramlılarının fəaliyyətindən müəyyən narahatlıqlar və bu, həm Prezident İlham Əliyevin açıqlamalarında, həm də Müdafiə Nazirliyinin bəyanatlarında öz əksini tapmaqdadır”, - deyə qeyd edib.

Fərhad Məmmədov 1 illik postmüharibə dönəmi ilə bağlı fikirlərini isə bu cür yekunlaşdırıb:

“Təəssüflər olsun ki, biz bir il ərzində regionda kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası proseslərinin həllinə nail ola bilməmişik. Ümumilikdə isə, müharibədə qələbənin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü təmin olunub, gələcək proseslərdə mövqeyi gücləndirilib və ölkəmiz geri dönüşü olmayan mərhələni artıq arxada qoymağı bacarıb”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin