Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində gərginlik azaldılmalı, sərhədlərin delimitasiyası prosesinə başlanılmalı, sonra isə demarkasiya sona çatdırılmalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə bağlı bəyanatında deyilir.
"Bu gün biz vurğulaya bilərik ki, 9 noyabr 2020-ci il tarixli bəyanatda qeyd olunan razılaşmalar ümumilikdə yerinə yetirilir. Vacibdir ki, Bakı və İrəvan bundan sonra da onun həyata keçirilməsinə və bütün müddəalarına ciddi əməl olunmasına sadiq qalsın", - Rusiya XİN bildirib.
Qurum vurğulayıb ki, Rusiya sülhməramlı kontingenti regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.
"Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir geri qaytarılıb. Onlardan 105 nəfər Ermənistana, 17 nəfər Azərbaycana aiddir. Öz növbəsində Azərbaycan tərəfinə 3 paket minalanmış xəritələr təhvil verilib” - məlumatda deyilib.
Bizim.Media