Bu gün Beynəlxalq Muğam Mərkəzində Zəfər Günü ərəfəsində "SOCAR Media"nın dəstəyi ilə hazırlanmış "Şuşa" sənədli filminin təqdimatı keçirilib.
Bizim.Media xəbər verir ki, filmdə əsas yeri Qarabağın ürəyi olan Şuşanın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərmiş qazilərin bu möhtəşəm hərbi əməliyyatlar haqqında xatirə və təəssüratları tutur.
Çəkilişlər hadisələrin baş verdiyi yerlərdə - Şuşa ətrafındakı meşələrdə, qayalıqlarda və şəhərin içəri hissələrində aparılıb.
Şuşanı azad edən qəhrəman qazilər keçdikləri şanlı yolu yenidən canlandırıb və həmin həyəcan dolu anları hadisələrin baş verdiyi məkanlarda yada salıb, yaşadıqları duyğu və düşüncələri dilə gətirib. Şuşaya ilk bayraq sanacan qəhrəmanlarımızın xatirələri filmin ən təsirli məqamlarındandır.
Prezident İlham Əliyevin 44 günlük vətən müharibəsinin gedişində Şuşa haqqında söylədiyi fikirlər filmin leytmotivini təşkil edir. Filmdə Şuşanın işğalının epizodik xronikası da nümayiş etdirilir.
Düşmənin və ona havadarlıq edən qüvvələrin məkrli planları ifşa olunur, eləcə də həmin dövrdə Azərbaycanda baş alıb gedən siyasi dərəbəylik və güclü mərkəzi hakimiyyətin olmaması işğalın əsas səbəbi kimi göstərilir.
"Şuşa" sənədli filmi "SOCAR Media"nın sifarişi ilə "Qulp Studio" tərəfindən hazırlanıb. Filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri İntiqam Cəfərovdur.
Bizim.Media