Qubada tapılan naməlum məzarlığın taleyi ilə bağlı məsələ hələ də gündəmdədir.
Azərbaycan Milli Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev bir müddət əvvəl Qubada aşkar edilən toplu məzarlığın ərazisində olub.
Aşkar edilmiş məzarlıq sahəsinə baxış keçirən arxeoloq bu barədə Bizim.Media-ya açıqlamasında tapılan sümüklərin hansı dövrə aid olmasını, konkret olaraq 1918-ci ildə ermənilərin öldürdüyü azərbaycanlılara məxsus olub olmamasını deməyin hələ tez olduğunu bildirib.
MÖVZU İLƏ BAĞLI:
Qubada tapılan naməlum məzarlıqla bağlı RƏSMİ AÇIQLAMA – Kütləvi soyqırım imiş - ÖZƏL
İlkin olaraq tapılan məzarlıq sahəsinin müsəlman qəbristanlığı olduğunu açıqlayan Qəhrəman Ağayev ərazidən insan bədəninin iki bazu sümüyünü nümunə üçün götürüldüyünü qeyd edib.
Arxeologiya, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri həmin nümunələri bu gün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təqdim edəcəyini deyib. Onun sözlərinə görə təxmini yaşı 200 ilə yaxın olan sümüklərin dəqiq tarixini ekspertizanın cavabından sonra demək mümkün olacaq.
Xatırladaq ki, Qubada kütləvi məzarlıq tapılandan sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti əraziyə baxış keçirmək üçün Azərbaycan Milli Elmlər Akademiyasına müraciət edib.
Qeyd edək ki, Qubada kütləvi məzarlığın tapılması ilə bağlı məsələni ilk dəfə Bizim.Media işıqlandırıb. Arxeoloq Qəhrəman Ağayevlə Bizim media əməkdaşı birgə kütləvi məzarlığın tapıldığı İkinci Nügədi kəndində olub.
Aytəkin Alxaslı, Bizim.Media