Bu gün Bakıda metronun işə düşməsindən 54 il ötür.
Bizim.Media xəbər verir ki, bu gün Bakı metrosu 3 xətt, 26 stansiyadan ibarət 40 kilometrə yaxın yeraltı dəmir yolu şəbəkəsidir.
54 il bundan əvvəl 1967-ci ilin 6 noyabrında “Bakı Soveti” (indi - “İçərişəhər”) stansiyasından təntənəli şəkildə yola salınan ilk qatar sonuncu “Nəriman Nərimanov” stansiyasına çatmaq üçün yerin altı ilə 6.5 km yol qət etməklə “26 Bakı komissarı” (“Sahil”), “28 Aprel”( “28 May”), “Gənclik” stansiyalarından keçmişdi.
MÖVZU İLƏ BAĞLI:
Metronun “Cəfər Cabbarlı” stansiyasındakı təmirlə bağlı AÇIQLAMA - FOTO
2016-cı il aprel ayının 16-sı müstəqil Azərbaycanın ilk metro xəttinin – Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları istismara verildi. Ən müasir texnologiyaların tətbiq edilməyə başladığı yeni xəttin stansiyaları 7-vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub.
Hər iki stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travolator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün lift quraşdırılıb.
Bənövşəyi xəttin 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər günü şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyasının bu ilin may ayında istismara verilməsindən sonra, inşaat işləri xəttin, şərti olaraq, “B-04” adlandırılan stansiyasında başlayıb.
Xəttin deposunun birinci mərhələ üzrə inşası, buradakı şərti adı “Xocəsən” olan stansiyanın tikintisi isə önümüzdəki ildə yekunlaşacaq. Yaxın gələcəkdə Yaşıl xəttin “Xətai”, eləcə də “Dərnəgül” stansiyalarından davam etdirilməsi üzrə işlər başlanacaq. Qırmızı və Yaşıl xətlərin ayrılması üzrə layihə Bakının yeni baş planında da xüsusi olaraq nəzərə alınıb.
2021-ci il “COVID-19” pandemiyası çətinliklərinə rəğmən inşası yekunlaşan 26-cı stansiya təkcə innovasiyaların, yeni düşüncə tərzinin məhsulu, texnoloji yeniliklər stansiyası deyil.
Burada ilk dəfə bir mənzil tunellərinin tamamilə dəmir-beton bloklardan qurulması xüsusi qeyd edilməlidir.
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Metropolitenin 51 yeni stansiyasının inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.
Bizim.Media