Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Kəlbəcər rayon sakininin polis əməkdaşları tərəfindən ona qərəzli şəkildə inzibati xəta barədə protokol tətbiq edildiyi ilə bağlı iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildirilib ki, vətəndaşın iddiaları əsassızdır.
“Sosial şəbəkələrdə yayılmış videogörüntüdə Kəlbəcər rayon sakini Nəriman Mirzəli müvəqqəti məskunlaşdğı Tərtər şəhərində polis əməkdaşları tərəfindən ona qərəzli şəkildə inzibati xəta barədə protokol tətbiq edildiyi ilə bağlı iddialar səsləndirib.
Nəriman Mizəlinin idarə etdiyi avtomobil Tərtər şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən yoxlama məqsədi ilə saxlanılıb. Onun sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi müəyyən edilib.
Sözügedən videogörüntüdə həmin şəxs özü də bunu etiraf edib. Aşkar edilən qayda pozuntusu ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 322.2-ci maddəsi ilə protokol tərtib edilib və nəqliyyat vasitəsi isə müvəqqəti duracağa yerləşdirilib”, - Mətbuat Xidmətindən bildirilib.
Bizim.Media