Oktyabr ayının son bazar günü xüsusilə ABŞ-da “ölülər günü” qeyd olunur. Bəzi miflərə görə bu gün ölülər dünyası ilə canlıların yaşadığı aləmin qapısı açılır və onlar bir günlük yerə enə bilirlər. İngilis dilində “Halloween”, dilimizdə isə "Hellouin" adlanan bu gün balqabaqlar bayramı kimi xarakterizə olunur.
Ona görə Balqabaqlar bayramı ki, balqabaq "Helloui"nin əsas atributlarından biri hesab olunur. İnsanlar məhz bu gün balqabaqların içini ovub, içərisinə şam qoyur.
Lakin məsələnin dərinliklərinə nəzər salsaq bu bayramın balqabaqlarla deyil, qorxu, vəhşilik, şiddətə çağırışla daha çox əlaqəsi olduğunu görə bilərik.
Əsasən azyaşlılar üçün nəzərdə tutulan bu bayram bir növ uşaqları şiddətə, vəhşiliyə çağırır. Psixoloqların fikrincə, “Hellouin” bayramında olan bu cür qorxulu maskarad, qorxu hissi uşaq psixologiyasında dərin iz buraxır və onların şüür altında şiddətə meyillilik formalaşdırır.
Azərbaycanda son dönəmlər bu bayram xüsusi təntənə ilə qeyd olunur. Maskarad üçün uşaqlara xüsusi geyimlər sifariş olunur, restoranlarda gecələr keçirilir. Əsasən bu tədbirlər Avropa yönümlü özəl məktəblərdə baş tutur.
Redaksiyamıza müraciət edən Arzu xanımın da övladı belə bir özəl məktəbdə təhsil alır. Onun sözlərinə görə bu bayram onlara 150 manata başa gəlib.
MÖVZU İLƏ BAĞLI:
Əcnəbi turistləri ölkəmizdən qaçaq salan SƏBƏBLƏR – Otellərdə bron qiymətindən artıq pul tələb edilir?
Belə ki, maskarad üçün tələb olunan kostyuma 70 manat, məktəbin təşkil etdiyi restoran da keçirilən gecəyə isə 80 manat vəsait xərcləyib. Söhbət əsnasında o, qeyd edib ki, övladını uşaqlardan ayırmaq istəmədiyi üçün məcburən bu bayrama qazılıq verib. Çünki ondan başqa bütün valideynlər bayramın keçirilməsinə razılıq veriblər.
Nəzər salsaq elə məhz “Ölülər bayramı” Bakının ən dəbdəbəli otel və restoranlarında və özəl təhsil ocaqlarında xüsusi olaraq qeyd olunub.
Əvvəldən qurulmuş ssenari, maskarad, bahalı menyu - bu əksər bu bayram üçün gecə təşkil edən restoranların menyularında olub.
62Chillout.event, Gate25, Marriott Hotel və digər dəbdəbəli restoranlar “Ölülər bayramı”nda dirilər üçün özəl gecələr təşkil edibilər. Bundan başqa özəl məktəblərdə “Landau school”, “British school” da xüsusi maskarad paradı keçirilib.
Bəs, kimdir bu bayramı qeyd edənlər?
“Müasirliyi, Avropa təfəkkürünü məhz belə boş şeylərdə əllərində alət edib, “son trend”lərin arxasınca “sürünən” bir sıra insan. Müasir cəmiyyəti məhz elmdə və digər texnoloji yeniliklərdə, dünyagörüşündə, mədəniyyətdə görməyib, bu cür boş illuziyalara qapanan insanlar çox vaxt bu cür hərəkətlər edir. Lakin onlar bunun necə boş olmasını heç cür anlaya bilmirlər. Bu insanlar İnstagramda yaranan son trendlərində arxasınca belə gedirlər. Məsələn yadınızdadırsa, bir zamanlar çılpaq bədənə balış bağlayıb şəkil çəkdirmək trendə düşmüşdür. İnsanlar onun arxasınca düşüb, o cür etikadan kənar fotolarını paylaşdılar”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında psixoloq Canan Əliyeva bildirib. Mütəxəssisin sözlərinə görə, bu cür insanların isə əsas problemi savadsızlıqdan irəli gəlir.
“Bu nəinki böyüklərə boş işlərlə məşğul olmağa aludə edir, azyaşlılara da öz təsirini göstərir. Bu isə indi yox, böyüdükcə onların psixologiyalarında özünü göstərir”.
Çox uzaq deyil, bir müddət əvvəlki tarixə nəzər salsaq 44 günlük savaşda canlarını qurban verən şəhidlərin xatirəsinə ehtiram olaraq cəmiyyət arasında yeni il, novruz bayramını təntəli sürətdə keçirilməməsi təklif olunurdu.
Bəzi insanlar buna riayət etdi, bəziləri buna qarşı çıxdı. Cəmiyyət, ictimaiyyət arasında böyük müzakirələr, etirazlar oldu. Ancaq nədənsə "Hellouin" bayramında hamı susdu, ictimaiyyət arasında susqunluqla qarşılandı, kimsə buna etiraz etmədi.
Vüsalə Balayeva, Bizim.Media